Zaqatalada heyvan kəsim məntəqəsi istifadəyə verilib
Yanvarın 25-də Zaqatala rayonunun Muxax kəndi ərazisində yeni tikilən heyvan kəsimi məntəqəsi istifadəyə verilib.
Yerli sahibkar Zeynulla Əhmədov tərəfindən yaradılan heyvan kəsim məntəqəsi baytarlıq-sanitariya tələblərinə tam cavab verir. Ümumi sahəsi 330 kvadratmetr olan məntəqədə heyvan kəsimi zalı, laboratoriya, soyuducu kamera, kəsimdə istifadə olunan alətlərin dezinfeksiya edilməsi və saxlanması üçün otaq, həmçinin yardımçı otaqlar yerləşir. Kəsim məntəqəsi fasiləsiz su ilə təmin edilib. Çirkab suların axıdılması üçün ayrıca quyu tikilib.
Məntəqədə eyni vaxtda 15 iribuynuzlu və 25 xırdabuynuzlu heyvanın kəsimini həyata keçirmək mümkün olacaq.
Məntəqənin açılışı münasibətilə keçirilən mərasimdə Zaqatala Rayon İcra Hakimiyyəti başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlkin Şəfizadə çıxış edərək, son illər kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişafına göstərilən yüksək dövlət qayğısından danışıb, aqrar sahədə həyata keçirilən islahatlardan bəhs edib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şəki Regional bölməsinin rəisi Murad Əsədov çıxışında Prezident İlham Əliyevin “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” 2018-ci il 11 iyun tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası ilə əlaqədar bölgədə görülən işlərdən danışıb. Bildirilib ki, AQTA baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun olmayan yerlərdə, küçə və yol kənarlarında qanunsuz ət satışı məqsədilə heyvan kəsimi fəaliyyətinin qarşısını almaq üçün nəzarət tədbirlərini gücləndirib. Belə heyvan kəsimi məntəqələrinin gələcəkdə bölgənin digər rayonlarında da açılması nəzərdə tutulur. Məqsəd ölkə ərazisində heyvan kəsimi və satışının müasir tələblərə uyğunlaşdırılması, qanunsuz heyvan kəsimi və satışı fəaliyyətinin qarşısını almaqdır.
Sahibkar Zeynulla Əhmədov ölkədə sahibkarlığın inkişafına göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Sonra iştirakçılar kəsim məntəqəsində yaradılan şəraitlə tanış olublar.