Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada istehsal olunan qızılgül və lavanda yağları ABŞ, Bolqarıstan və Litvaya ixrac edilib

28 yanvar 2020 | 16:00

Ənənəvi və ixrac potensialı yüksək sahələrdən olan gülçülüyün inkişaf etdirilməsi Zaqatala rayonunun iqtisadiyyatı üçün prioritet istiqamətlərdən biridir. 2018-ci ildə rayonun Aşağı Tala kəndində “AzRose” MMC-nin qızılgül yağı istehsalı müəssisəsinin fəaliyyətə başlaması “Qızılgüllər diyarı” kimi tanınan Zaqatalada gülçülüyün əvvəlki şöhrətinin bərpa edilməsinə öz töhfəsini verməkdədir.

Gülçülüyün inkişaf etdirilməsi məqsədilə son illər rayon ərazisində 145 hektar sahədə “Dəməşq qızılgülü” və 36 hektarda “Lavanda” gülü plantasiyaları salınıb. Hazırda rayonda, ümumilikdə, 212 hektar gül plantasiyalarına aqrotexniki qulluq tədbirləri həyata keçirilir. Bundan əlavə, ötənilki mövsümdə müəssisədə sınaq məqsədilə 0,2 hektar sahədə nanə bitkisi də əkilib.

2019-cu ildə “AzRose” MMC-nin 125 hektar barverən qızılgül plantasiyalarından 280 ton 71 kiloqram qızılgül, 36 hektar barverən lavanda plantasiyalarından isə 64 ton 800 kiloqram lavanda ləçəyi tədarük edilib. Tədarük olunan qızılgül ləçəyindən 71,5 litr qızılgül yağı və 1 ton 46 kiloqram lavanda yağı istehsal olunub. Ötən il müəssisə tərəfindən 76 litr qızılgül və 83 kiloqram lavanda yağı ABŞ, Bolqarıstan və Litvaya ixrac edilib. Bundan əlavə, 2019-cu ildə “AzRose” MMC-də istehsal olunmuş 1,5 ton gül suyu, 1 ton nanə suyu və 740 kiloqram qurudulmuş lavanda çiçəyi daxili tələbatın ödənilməsi məqsədilə qida və tibb sənayesi müəssisələri tərəfindən tədarük olunub.

Keçidlər