Şriftin ölçüsü :

Saytın rəngi :

Özünüməşğulluq proqramı çərçivəsində ötən il Zaqatalada 39 ailə aktiv əmək bazarına cəlb olunub

10 yanvar 2020 | 16:00

Azərbaycan Prezidenti İlham Əliyevin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 2016-cı il 7 aprel tarixli Sərəncamının icrası çərçivəsində 2019-cu ildə Zaqatala rayonunda 39 aztəminatlı ailə aktiv əmək bazarına cəlb olunaraq özünüməşğulluq imkanlarına yiyələnib.

Bu barədə  Zaqatala Rayon Məşğulluq Mərkəzindən məlumat verilib.

Qurumdan bildiriblər ki, “Öz biznesinə başla və təkmilləşdir” layihəsi çərçivəsində keçirilən təlimlərdə iştirak edən bu şəxslər əsasən, məcburi köçkün və şəhid, həmçinin aztəminatlı, çoxuşaqlı, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, əlilliyi olanlardır.

Proqram çərçivəsində heyvandarlıqla məşğul olmaq istəyən bu ailələrin hər birinə 2 iribuynuzlu heyvan və yem təqdim olunub. Ailələr artıq öz kiçik fərdi təsərrüfatlarını yaradıblar.

Ümumiyyətlə, layihənin icrasına başlanıldığı vaxtdan indiyədək Zaqatala rayonunda 191 aztəminatlı ailə aktiv əmək bazarına cəlb olunub.

Qeyd edək ki, 2019-cu ildə rayon Məşğulluq Mərkəzinə 2531 nəfər müraciət edib. Qurum tərəfindən ötən il 1065 işaxtaran vətəndaş müvafiq işlə təmin olunub, 36 nəfər peşə hazırlığı kursuna cəlb edilib.

Keçidlər