Zaqatalada icbari tibbi sığortanın tətbiqinə başlanıldığı ilk günlərdə xəstəxanaya 2 minədək sakin müraciət edib
İcbari tibbi sığorta tibbi və dərman yardımını almaq üçün bərabər imkanları təmin edən, səhiyyə sahəsinin maliyyələşmə və idarəetməsinin təşkilati formasıdır. Ölkəmizdə ilk dəfə tətbiq olunan bu layihə şimal-qərb bölgəsinə daxil olan rayonlarda da uğurla reallaşdırılmaqdadır. Layihənin icra vəziyyəti İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəhbərliyi və müvafiq şöbələrin əməkdaşları tərəfindən nəzarətdə saxlanılır.
İcbari tibbi sığortanın tətbiq olunduğu Zaqatalada sakinlərin rahatlıq və məmnunluğunu təmin etmək məqsədilə rayon mərkəzi xəstəxanasında dörd müxtəlif yerdə qeydiyyat mərkəzi fəaliyyət göstərir. Əvvəlcədən təlim keçən tibb bacıları qeydiyyat mərkəzində sakinləri qarşıladıqdan sonra onları müvafiq şöbələr üzrə istiqamətləndirirlər.
Qeyd edək ki, icbarı tibbi sığortanın bölgə rayonlarında tətbiqi müvafiq Dövlət Agentliyi əməkdaşlarnın nəzarəti ilə həyata keçirilir. Agentliyin rəhbərliyi və müvafiq şöbənin əməkdaşları bir neçə gündür ki, Şəki-Zaqatala bölgəsi rayonlarında prosesin gedişini izləyir, maarifləndirmə işi aparırlar.
Zaqatala Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Rövşən Əhmədovun verdiyi məlumata görə, həftənin əvvəlindən bu günədək 1922 nəfər ambulator xidmətə müraciət edib. Onlardan 336 nəfəri laborator müayinədən keçib, 500 nəfərin rentgen müayinəsi aparılıb. Eyni zamanda, ultrasəs müayinəsini də bura daxil etmək olar. Təkcə ötən gün ambulator müayinə üçün xəstəxanaya 922 nəfər müraciət edib.