Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala rayonunda faşizm üzərində qələbənin 68-ci ildönümü qeyd olunmuşdur.

10 may 2013 | 15:00

9 may 2013-cü il tarixdə Zaqatala rayonunda faşizm üzərində qələbənin 68-ci ildönümü münasibəti ilə Böyük Vətən Müharibəsi veteranları və arxa cəbhə veteranları  ilə görüş keçirilmişdir.
Tədbirdə Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, hüquq-mühafizə orqanlarının rəhbərləri, veteranlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
İlk öncə tədbir iştirakçıları “Xilaskar əsgər” abidə kompleksini ziyarət etmiş, önünə tər çiçəklər düzmüş, Böyük Vətən Müharibəsi illərində həlak olmuş bütün həmvətənlərimizin, o cümlədən zaqatalalı döyüşçülərin xatirəsinin ehtiramla yad etmişlər.
Sonra tədbir “Ulduz” şadlıq sarayında  bayram süfrəsi ətrafında davam etdirilmişdir. Tədbirdə çıxış edən rayon rəhbəri veteranları ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi və 9 may-Qələbə bayramının 68-ci ildönümü münasibəti ilə təbrik etmiş, faşizm üzərində tarixi qələbənin təmin olunmasında azərbaycanlıların, o cümlədən zaqatalalıların da böyük rolu olduğunu bildirmiş, həmvətənlərimizin ön və arxa cəbhələrdəki fədakarlıqlarından danışmış, müharibədə 600 mindən artıq azərbaycanlı iştirak etdiyini, onların yarıdan çoxu qanlı döyüşlərdə həlak olduğunu bildirmişdir. Natiq öz çıxışında Ulu öndər Heydər Əliyevin veteranlara həmişə böyük diqqət və qayğı ilə yanaşdığını və hal-hazırda bu siyasətin Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfində  davam etdirildiyini xüsusi vurğulamış və qeyd etmişdir ki, Prezident İlham Əliyevin son Sərəncamı ilə Böyük Vətən müharibəsi iştirakçılarına 700 manat, müharibə illərində ön və arxa cəbhələrdə fədakar əməyinə görə orden və medallarla təltif olunanlara isə 300 manat məbləğində birdəfəlik maddi yardımın verilməsi bu qayğının bariz nümunəsidir.
Tədbirdə çıxış edən veteranlar keçdikləri şərəfli ömür yolundan danışmış, respublikamızda, o cümlədən Zaqatala rayonunda gedən tikinti, yenidənqurma və abadlıq işlərini yüksək qiymətləndirmiş, özlərinə göstərilən böyük diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürlərini bildirmişlər.  Tədbirin sonunda Zaqtala rayon  İcra hakimiyyəti tərəfindən veteranlara maddi yardım və qiymətli hədiyyələr təqdim olunmuşdur.
Elə həmin gün xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ərəfəsində rayonun Danaçı kəndinə yeni çəkilmiş təbii qaz xəttinin açılış mərasimi keçirilmişdir.              
Tədbirdə çıxış edən rayon rəhbəri regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramına uyğun olaraq Zaqatala rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində tədbirlərin davam etdirildiyi qeyd etmiş, hazırda Danaçı kəndi də daxil olmaqla, rayonun 12 yaşayış məntəqəsinə “mavi yanacaq” verildiyini bildirmişdir. Eyni zamanda natiq öz çıxışında “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Makov, Yengiyan, Mazıx kəndlərinin və Əliabad qəsəbəsinin qazlaşdırılması işlərinin davam etdirildiyini vurğulamışdır.
Mərasimdə çıxış edən “Azəriqaz” İstehsalat Birliyinin Təmi-tikinti şöbəsinin rəis müavini Natiq Ələsgərov 1524 abonenti olan Danaçı kəndinin qazlaşdırılması məqsədi ilə ümumi uzunluğu 104 kilometr olan müxtəlif diametrli borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkildiyini, mənzillərdə sayğac və fərdi tənzimləyicilərin quraşdırıldığını tədbir iştirakçılarının nəzərinə çatdırmışdır.
Kənd ictimaiyyət nümayəndələrindən çıxış edən ağsaqqallar, ziyalılar xalqımız üçün əlamətdar olan bir vaxtda Ümummilli liderimizin 90 illik yubileyi ərəfəsində onlara ərmağan edilən belə dəyərli hədiyyəyə görə dövlətimizin başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
Sonda qaz xəttinin açılışını bildirən məşəl alovlandırılmış və mənzillərə təbii qazın verilməsinə başlanmışdır.

Keçidlər