Ötən il Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində 348 nikah rəsmiləşdirilib
Azərbaycan xalqı ailə dəyərlərini, ailə ləyaqətini həmişə hər şeydən üstün tutub. Bu gün ailə məsələləri həm dövlətin, həm də cəmiyyətin önəm verdiyi əsas məsələlərdən biridir.
Son vaxtlar ölkəmizdə yeni ailə quran gənclərin nikah mərasimlərinin Heydər Əliyev mərkəzlərində keçirilməsi artıq ənənə şəklini alıb. Bu gözəl ənənə Zaqatala rayonunda da uğurla davam etdirilir. 2019-cu ildə Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində 348 nikah mərasimi keçirilib.
Mərkəzin direktoru Famil Rəhimov bildiribki nikah mərasimlərinin Heydər Əliyev mərkəzlərində keçirilməsi heç də təsadüfi deyil. Çünki Ulu Öndər bütün fəaliyyəti boyu Azərbaycan ailələrinin sağlam və xoşbəxt olması, milli mənəvi dəyərlər üzərində inkişaf etdirilməsi üçün çalışıb.
Direktorun sözlərinə görə, Zaqatala Heydər Əliyev Mərkəzində yeni ailə quran gənclərin nikah mərasimlərinin keçirilməsi ənənəsi 2014-cü ilin aprelində qoyulub. Həmin vaxtdan bu günədək mərkəzdə 1953 nikah mərasimi olub. Yeni ailə quran gənclərin doğmalarının iştirakı ilə keçirilən bu mərasimlərdə ailə dəyərlərinin qorunmasının vacibliyi önə çəkilib, ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından danışılıb.
Keçirilən bütün nikah mərasimlərinin foto və video görüntüləri mərkəzin fondunda saxlanılır.