Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala Bölgə Təcrübə Stansiyasında bu il 100 ton toxum istehsal olunub

28 dekabr 2019 | 16:00

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun elmi-tədqiqat müəssisəsi olan Zaqatala Bölgə Təcrübə Stansiyası uzun illərdir ki, dənli və texniki bitkilərdən seçmə yolu ilə daha keyfiyyətli sort və hibridlərinin alınması, yüksək reproduksiyalı toxumların əldə edilməsi və bu sortların özəl fermer təsərrüfatlarına tövsiyə olunması istiqamətində elmi-tədqiqat işləri aparır. Stansiyanın əsas təsərrüfat fəaliyyəti dənli taxıl bitkilərinin ilkin toxumçuluğunun təşkili, yüksək reproduksiyalı super elit və elit toxumların artırılması, eyni zamanda, yeni sortların yaradılması və toxumçuluq təsərrüfatlarına tövsiyə edilməsindən ibarətdir.

Stansiyanın direktoru Nəbi Kərimov müəssisədə toxumçuluğun inkişafı ilə bağlı görülən işlər barədə məlumat verib.

Direktor bildirib ki, 2019-cu ildə stansiyada 44 ton elit, 12,5 ton super elit buğda, həmçinin 1 ton orijinal və 12 ton “qızıl buğda”, 30,5 ton arpa toxumu istehsal edilərək Kənd Təsərrüfatı Nazirliyinin bölgüsü əsasında taxılçılıqla məşğul olan rayonların toxumçuluq təsərrüfatına verilib. Cari təsərrüfat ilində müəssisədə 11 ton yüksək reproduksiyalı qarğıdalı toxumu da istehsal edilib. Eyni zamanda, müəssisədə quraşdırılmış toxumtəmizləmə qurğusunun köməyi ilə cari ildə stansiyada 98 ton buğda və 8,3 ton arpa toxumu da təmizlənib. Toxumtəmizləmə qurğusundan yerli fermerlər də faydalanıb.

Nəbi Kərimovun məlumatına görə, müəssisəyə məxsus əkin sahələrində gələn ilin məhsulu üçün 64 hektarı buğda, 20 hektarı arpa olmaqla, 84 hektar sahəyə taxıl əkilib. Martın axırı, aprelin əvvəllərində 40 hektar sahəyə qarğıdalı əkilməsi də nəzərdə tutulur.

Keçidlər