Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada KOS subyektləri üçün təlim təşkil olunub

25 noyabr 2019 | 16:00

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə Zaqatala Rayon İcra Hakimiyyətinin dəstəyi ilə mikro, kiçik və orta sahibkarlıq (KOS) subyektləri üçün Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinin məqsədi, iş prinsipi və üstünlükləri ilə bağlı təlim keçirib.

 Sahibkarların və kredit təşkilatlarının nümayəndələrinin iştirakı ilə təşkil olunan tədbirdə ölkədə həyata keçirilən islahatların uğurlu nəticələri barədə məlumat verilib, bu islahatların məntiqi nəticəsi olaraq ölkəmizin nüfuzlu “Doing Business 2020” hesabatında 190 ölkə arasında kredit əlçatanlığı indikatoru üzrə 1-ci yerdə qərarlaşması və bu uğurun əldə edilməsində daşınar əmlakın yüklülüyü sahəsində Azərbaycanda aparılan islahatların xüsusi rol oynaması vurğulanıb.

Reyestrin üstünlükləri barədə danışılarkən onun əsas iş prinsipi, yüklülüyün növləri və yüklülük predmeti, sahibkarlar və maliyyə qurumları üçün faydası barədə ətraflı məlumat verilib. Bildirilib ki, daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan daşınar əşyalar və dövlət qeydiyyatına alınmalı olan qiymətli kağızlar istisna olmaqla, yüklülük predmetini istənilən daşınar əmlak, habelə hüquqlar və tələblər, o cümlədən gələcəkdə yüklülük sahibinin mülkiyyətində olacaq daşınar əmlak təşkil edə bilər. Daşınar əşyalara hər cür avadanlıqları, kənd təsərrüfatı texnikalarını, heyvanları, biznesdə istifadə olunan əşyaları aid etmək olar. Noyabrın 21-nə reyestrdə qeydiyyatdan keçmiş şəxslərin sayı 600-dən çox, sistemə daxil edilmiş bildirişlərin sayı isə 40 mindən artıq olub.

Sonra KOBİA-nın yaradılmasının məqsədi, fəaliyyət istiqamətləri və “KOB dostu” mexanizmi barədə məlumat verilib, agentliyin fəaliyyətinin əsas məqsədinin kiçik və orta sahibkarlığın yaradılması və inkişafının bütün mərhələlərində zəruri dəstək tədbirlərinin həyata keçirilməsi olduğu qeyd olunub. Bildirilib ki, bu tədbirlər güzəştli maliyyə mənbələrinə çıxışın asanlaşdırılması, qabaqcıl təşkilati modellərin tətbiqi, davamlı təlim sisteminin yaradılması, yeni ideya və innovasiyaların biznesə inteqrasiyası, xarici bazarlara çıxış, sahibkarların maraqlarının müdafiəsi və digər istiqamətləri əhatə edir.

Keçidlər