Zaqatala Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri fəaliyyətə başlayıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 1 oktyabr tarixli Sərəncamına uyğun olaraq Zaqatala rayonunda yerləşən Heydər Əliyev mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin açılışı olub.
Tədbirdə rayon icra hakimiyyətlərinin, Gənclər Fondunun, Gənclərin İnkişaf və Karyera Mərkəzinin rəsmiləri, gənclər iştirak ediblər.
Zaqatala şəhərində keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxış edərək, rayon gənclərinin qazandığı uğurlar barədə danışıb. Bildirilib ki, gəncliyin sağlam ruhlu, savadlı, yüksək mənəvi tərbiyəyə malik olması dövlət üçün çox önəmlidir. Bu gün ölkəmizdə uğurlu gənclər siyasəti həyata keçirilir. Ümummilli lider Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev gənclərlə işə dövlətin prioritet istiqamətlərindən biri kimi xüsusi diqqət ayırır. Gənclərin peşə hazırlığı, məşğulluğunun təmin olunması, sosial təminat, sahibkarlıq fəaliyyəti, bazar iqtisadiyyatının əsaslarına dair biliklərə yiyələnməsi sahəsində davamlı tədbirlər həyata keçirilir.
Diqqətə çatdırılıb ki, Zaqatala rayonunun 129 min nəfər əhalisindən 32 mini gənclərdir. Gənclər rayonun ictimai-siyasi həyatında fəallıq nümayiş etdirirlər.
Tədbirdə Gənclər Fondunun direktor müavini Qədir Xəlilov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin rəhbəri Rəvanə Həşimova çıxış edərək, Prezident İlham Əliyevin həyata keçirdiyi gənclər siyasəti, ölkəmizdə gənclər üçün yaradılan imkanlar barədə danışıblar.
Bildirilib ki, nümayəndəliklərin əsas fəaliyyəti dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq, gənclərin hərtərəfli inkişafının təmin olunması, habelə ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verməkdir. Yeni yaradılan nümayəndəliklərdə gənclərin əlavə bilik və bacarıqlara yiyələnməsi üçün müxtəlif peşə təlimləri və ustad dərsləri, təhsil və təcrübə proqramları, görüşlər və seminarlar, intellektual oyunlar və digər tədbirlər təşkil olunacaq. Nümayəndəliklər vasitəsilə regionda yaşayan gənclər dövlət tərəfindən onlar üçün yaradılan imkanlar barədə məlumat və məsləhət almaq, həmçinin müxtəlif proqramlara müraciət və onlarda iştirak etmək imkanı əldə edəcəklər.
Sonra tədbir iştirakçıları Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərində yaradılan şəraitlə tanış olublar.
Tədbirlər musiqili-əyləncəli proqram və intellektual oyunlarla davam etdirilib.