Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın xatirəsi anılmışdır

27 aprel 2013 | 15:00

Zaqatalada görkəmli oftalmoloq alim, akademik
Zərifə Əliyevanın xatirəsi anılmışdır

 

Zaqatala şəhərindəki akademik Zərifə Əliyeva adına Liseydə görkəmli oftalmoloq alimin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş “Müqəddəslik zirvəsi” adlı tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə liseyin həyətində balaca gimnastların, idmançıların nümunəvi çıxışlarını izləmiş, görkəmli alimin yubileyi şərəfinə burada təşkil olunmuş futbol, voleybol və basketbol yarışlarının final oyunlarına baxmış, foyedə şagirdlərin akademik Zərifə Əliyevaya və ümummilli liderimiz Heydər Əliyevə həsr etdikləri əl işlərindən ibarət sərgi ilə tanış olmuşlar. Rayon rəhbərliyinin, ziyalıların iştirak etdikləri tədbiri liseyin direktoru Vəfa Süleymanova açaraq 2008-ci ildə Prezident İlham Əliyevin bilavasitə iştirakı ilə istifadəyə verilən və görkəmli alim Zərifə Əliyevanın adını daşıyan bu təhsil ocağının qazandığı uğurlar barədə danışmışdır. Bildirilmişdir ki, görkəmli alimin 90 illik yubileyi ilə əlaqədar liseydə silsilə tədbirlər, inşa yazı, şeir, rəsm müsabiqələri, idmanın müxtəlif növləri ilə yarışlar təşkil olunmuşdur. Görkəmli oftalmoloq alim Zərifə Əliyevaya həsr olunmuş “Müqəddəslik zirvəsi” adlı film nümayiş etdirilmişdir.
Tədbirdə çıxış edənlər görkəmli alimin mənalı həyat yolu və yorulmaz fəaliyyəti barədə danışmış, onun tibb elminin inkişafına verdiyi əvəzsiz töhfələrdən bəhs etmişlər. Bildirilmişdir ki, geniş dünyagörüşü, tədqiqatçılıq bacarığı, yüksək ziyalılığı ilə hamının rəğbətini qazanmış akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, elm adamı, habelə tibb sahəsində çalışanlar üçün əsl mənəviyyat, kamillik və müdriklik məktəbidir.
Zərifə Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir. Xalqımıza məxsus xeyirxahlıq, mərhəmətlilik kimi nəcib keyfiyyətləri, çeşmə kimi saf mənəvi dəyərləri, müasirliyi və əməksevərliyi nurlu şəxsiyyətində cəmləyən bu nəcib qadının, qayğıkeş ananın, dəyərli alimin, ictimai xadimin canlı və parlaq çöhrəsi bütöv bir dövrün, zamanın obrazı kimi gözümüz önündə durur.
Tədbirdə lisey şagirdlərinin ifasında görkəmli alimə həsr olunmuş şeirlər səslənmiş, mahnılar ifa olunmuş, ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
Sonda görkəmli oftalmoloq alim Zərifə Əliyevanın 90 illiyi münasibətilə liseydə təşkil olunmuş müxtəlif müsabiqə və idman yarışlarının qaliblərinə mükafatlar təqdim olunmuşdur.

Keçidlər