Şriftin ölçüsü :

Saytın rəngi :

Doqquz rayonun məktəbliləri “Qızılgüllər diyarı” Zaqatalada

14 noyabr 2019 | 16:00

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə ekskursiyaya çıxan Lerik, Astara, Lənkəran, Yardımlı, Masallı, Cəlilabad, Biləsuvar, Xızı və Abşeron rayonlarının məktəbliləri noyabrın 14-də, günün ikinci yarısında Zaqatala rayonuna gəliblər.

Tur-aksiya iştirakçıları Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında rayonun rəhbər işçiləri tərəfindən mehribanlıqla qarşılanıblar.

Rayon icra hakimiyyəti başçısının müavini Vəfa Süleymanova məktəblilərə Zaqatalanın tarixi, mədəniyyəti, coğrafi mövqeyi, iqtisadiyyatı, turizm potensialı barədə məlumat verib. Bildirilib ki, Böyük Qafqaz sıra dağlarının cənub yamaclarında yerləşən, 129 min nəfərdən çox əhalisi olan Zaqatala rayonunda 20-dən artıq xalqın nümayəndəsi uzun illərdir dostluq və qardaşlıq şəraitində yaşayır.

Diqqətə çatdırılıb ki, Zaqatala rayonunun iqtisadiyyatında tütünçülük, meyvəçilik, o cümlədən fındıqçılıq, baramaçılıq, gülçülük mühüm yer tutur. Rayonda illik istehsal gücü 3500 ton olan tütün emalı zavodu, həmçinin tütün istehsalı və emalı məntəqəsi fəaliyyət göstərir. “AzRose” MMC-nin qızılgül yağı istehsalı müəssisəsində ötən ildən etibarən məhsul istehsalına başlanılıb. Bildirilib ki, Azərbaycanda fındıq istehsalının böyük bir hissəsi Zaqatala rayonunun payına düşür. Bu il rayonda 15 min tondan çox fındıq istehsal olunub. Rayonun kənd təsərrüfatı üçün ənənəvi sahələrdən olan fındıqçılığın, həmçinin qərzəkli meyvəçiliyin daha geniş təbliğ edilməsi məqsədilə iki ildir ki, Zaqatalada Beynəlxalq fındıq, qoz və şabalıd festivalı keçirilir.

Sonra məktəblilər Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Məlumat verilib ki, ümumi sahəsi 2765 kvadratmetr olan ikimərtəbəli binada müxtəlif təyinatlı bölmələr fəaliyyət göstərir. Binanın birinci mərtəbəsindəki ekspozisiya zalında Ulu Öndərin zəngin həyat yolu və çoxşaxəli fəaliyyətinin bütün dövrləri barədə ətraflı məlumat almaq mümkündür. Binada, həmçinin akt və konfrans zalları, elektron kitabxana, kinozal, müxtəlif dərnək otaqları, fotostudiya, poliqrafiya emalatxanası və digər otaqlar yerləşir. Mərkəzdə fəaliyyət göstərən rəqs, rəsm, gitara, gənc fotoqraf, dekorativ tikmə, xalçaçılıq və toxuculuq dərnəklərində hər gün onlarla yeniyetmə və gənc məşğul olur.

Zaqatala Tarix-Mədəniyyət Qoruğu ilə tanışlıq zamanı bildirilib ki, qoruq 1804-1830-cu illərdə inşa edilən Zaqatala qalasında yerləşir. Çar hakimiyyəti tərəfindən Zaqatalaya sürgün edilmiş “Potyomkin” zirehli gəmisinin inqilabçı matrosları vaxtilə məhz bu qalada məhbus kimi saxlanılıblar. Üç giriş qapısı olan qalanın daxilində müxtəlif məqsədlər üçün tikilmiş 15 yerli əhəmiyyətli tarixi abidə var.

Qeyd olunub ki, Zaqatala qalasında saxlanılan matrosların inqilabi fəaliyyəti barədə yazıçı Qılman İlkin “Qalada üsyan” romanını yazıb və bu əsər əsasında “Yenilməz batalyon” bədii filmi çəkilib. Müstəqillik illərində lentə alınan “Cavad xan” filminin bəzi səhnələri də Zaqatala qalası və onun ətrafında çəkilib.

Tur-aksiya iştirakçıları qalanın ərazisini gəzib, xatirə şəkilləri çəkdiriblər.

Sonra məktəblilər ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkına gəliblər. 1947-ci ildə salınan parkın ərazisi 13 hektardır. Burada 27 növ ağac var.

Məktəblilər məşhur “Qaladüzü pilləkənləri”ndən düşərək Zaqatala şəhərinin tarixi hissəsinə - Dədə Qorqud meydanına gəliblər.

Rayon Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıq zamanı bildirilib ki, 1967-ci ildə yaradılan muzeydə 16 minə yaxın eksponat nümayiş etdirilir.

Zaqatalaya səfərləri çərçivəsində tur-aksiya iştirakçıları fındıq emalı müəssisəsində də olublar.

Tur-aksiya iştirakçıları “Qızılgüllər diyarı” Zaqataladan zəngin təəssüratlarla ayrılıblar.

Keçidlər