Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala rayonunda cari ilin birinci rübünün yekunları müzakirə olunmuşdur

25 aprel 2013 | 15:00

Zaqatala rayonunda cari ilin birinci rübünün
yekunları müzakirə olunmuşdur

Zaqatalada 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
Rayon fəallarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirak etdikləri yığıncaqda Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlətimizin başçısının nitqindən irəli gələn vəzifələr və cari ilin birinci rübündə rayonda görülmüş işlərə dair hesabat məruzəsi dinlənilmişdir.
Bildirilmişdir ki, ilin birinci rübündə rayonda 32,7 milyon manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 43,8 faiz çoxdur. Birinci rübdə sənaye məhsulu istehsalı 46,2 faiz, kənd təsərrüfatı məhsulları istehsalı 22,9 faiz, tikinti işlərinin həcmi 5,2 dəfə, pərakəndə əmtəə dövriyyəsi 2,3 faiz, əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 6,9 faiz artmışdır. İlin ilk üç ayında rayonda 211-i daimi olmaqla, 233 yeni iş yeri açılmışdır. Qeyd olunmuşdur ki, 2013-cü ilin birinci rübündə rayonda bütün maliyyə mənbələri üzrə əsas kapitala yönəldilən investisiyaların həcmi 15,3 milyon manat təşkil etmişdir. Keçid obyektləri olan rayon hərbi prokurorluğunun, polis şöbəsinin, qaz istismar sahəsinin yeni inzibati binalarının, Zaqatala şəhərində 500 nömrə tutumlu elektron ATS binasının, iki kənddə sahə baytarlıq məntəqələrinin tikintisi davam etdirilmiş, Heydər Əliyev Fondunun təşəbbüsü ilə şəhərdə inşa edilən 50 yerlik uşaq bağçasının tikintisi başa çatdırılmışdır.
Azərbaycan Prezidentinin “Zaqatala rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 19 fevral tarixli Sərəncamına uyğun olaraq on altı min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Zaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil yolunun tikintisinə başlanılması üçün hazırlıq işləri görülmüşdür.
Məruzədə 2012-ci ilin mayında baş vermiş dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyi və aidiyyəti dövlət qurumları tərəfindən həyata keçirilən kompleks tədbirlərin davam etdirildiyi, rüb ərzində qəzalı vəziyyətə düşmüş daha iki məktəb üçün yeni binaların, habelə 973 fərdi evin tikintisinin başa çatdırılaraq istifadəyə verildiyi diqqətə çatdırılmışdır. Qeyd olunmuşdur ki, ümumiyyətlə, indiyədək rayonun zəlzələdən zərər çəkmiş ərazilərində 12 məktəb binası, bir məktəbəqədər tədris müəssisəsi, 2648 fərdi ev tikilərək istifadəyə verilmişdir. Hazırda 8 məktəb binasının və 1233 fərdi evin tikintisi davam etdirilir.
Bildirilmişdir ki, rüb ərzində “Zaqatala şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması və tikintisi” layihəsinin ikinci mərhələsinin icrası olaraq şəhərdaxali su və kanalizasiya xətlərinin yenidən qurulması və tikintisi işləri davam etdirilmiş, 9,6 kilometr uzunluğunda kanalizasiya və 13,6 kilometr uzunluğunda su xətti çəkilmiş, 330 ədəd müxtəlif ölçülü kürəbənd quraşdırılmış, təmizləyici qurğunun tikintisinə başlanmışdır.
Yığıncaqda, həmçinin əhalinin təbii qaz, elektrik enerjisi və digər xidmətlərlə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən bəhs edilmiş, qarşıda duran vəzifələrə toxunulmuşdur.

Keçidlər