Şriftin ölçüsü :

Saytın rəngi :

Simpoziumda qərzəkli meyvələr istehsalının inkişaf perspektivləri müzakirə olunub

29 sentyabr 2019 | 16:00

Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində Azərbaycanda iqtisadiyyatın digər sahələri kimi, aqrar sahə də öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Ölkə iqtisadiyyatında aqrar sahə xüsusi rola malikdir və qeyri-neft sektorunun aparıcı sahəsi elan edilib.

Bu fikir II Beynəlxalq fındıq, qoz və şabalıd festivalı çərçivəsində sentyabrın 29-da Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən fındıq və digər qərzəkli meyvələrin istehsalı, bu sahənin inkişafının perspektivlərinə həsr olunan simpoziumda səsləndirilib.

Tədbiri Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə açaraq, II Beynəlxalq fındıq, qoz, şabalıd festivalının rayonun sosial-iqtisadi və mədəni həyatında əlamətdar hadisə olduğunu bildirib. Diqqətə çatdırılıb ki, Zaqatala rayonunda fındıqçılığın çox böyük potensialı var. Fındıqçılıq ötən əsrin ortalarından başlayaraq rayonun kənd təsərrüfatında ənənəvi sahələrdən birinə çevrilib.

İcra hakimiyyətinin başçısı bildirib ki, Prezident İlham Əliyevin kənd təsərrüfatının yüksək ixrac potensialına malik sahələrindən olan fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıqların icrasını təmin etmək məqsədilə son illər Zaqatala rayonunda da yeni bağların salınması istiqamətində davamlı iş aparılır. Son dörd ildə fındıq bağlarının ümumi sahəsi 9 min 575 hektardan 19 min 760 hektara çatdırılıb. Fərəhli haldır ki, indiyədək respublikamızda salınan yeni fındıq bağlarının və istehsal olunan məhsulun 30 faizdən çoxu Zaqatala rayonunun payına düşür. 2015-ci ildə rayonda 9 min 283 ton fındıq istehsal olunduğu halda, 2018-ci ildə istehsalın həcmi 15 min 69 tona çatıb. Ötən il Zaqatalanın emal müəssisələri tərəfindən 72 milyon 59 min manat dəyərində fındıq məhsulları ixrac edilib.

Bildirilib ki, hazırda Zaqatala rayonunda fındıq bitkisinin 100-dən çox növü mövcuddur. Uzun illərin təcrübəsi göstərir ki, yerli “Ata-baba” fındıq növü məhsuldarlığı və ləpəsinin yağlılığı ilə digər sortlardan daha üstündür və dünya bazarında alıcıları daha çox cəlb edir.

Simpoziumda çıxış edən Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov bildirib ki, Zaqatala rayonu ölkəmizin ən böyük fındıq istehsalçılarından biridir. 2018-ci ildə Azərbaycanda 50 min tondan çox fındıq istehsal olunduğunu diqqətə çatdıran rektor qeyd edib ki, yeni salınan bağların və tətbiq olunan yeni texnologiyaların hesabına ölkədə fındıq istehsalı getdikcə artacaq. Bütün bunlar imkan verəcək ki, Türkiyə və İtaliya ilə yanaşı, Azərbaycan da dünyanın ən böyük fındıq ixracatçılarından birinə çevrilsin. ADAU-nun rektoru deyib: “Təbii ki, bütün bu uğurlar Azərbaycan dövlətinin iqtisadi qüdrətinin göstəricisi olmaqla, Prezident İlham Əliyevin aqrar sahəyə verdiyi böyük dəyərin ifadəsidir. Bu gün Azərbaycan fermeri cüzi torpaq vergisi istisna olunmaqla, bütün vergilərdən azaddır. Fermerlərə müxtəlif sahələr üzrə subsidiyalar verilir”.

Rektor bildirib ki, torpaq-iqlim şəraitindən asılı olaraq, Azərbaycanın müxtəlif bölgələri müəyyən bitkilər üzrə ixtisaslaşır. Şəki-Zaqatala bölgəsi, o cümlədən Zaqatala rayonu da qərzəkli meyvə bitkiləri üzrə ixtisaslaşıb. Universitetin bu sahə ilə məşğul olan alimləri bundan sonra da daim fermerlərin yanında olacaq, yeni texnologiyaların mənimsənilməsində onlara kömək göstərməklə, fındıq istehsalının ən yüksək səviyyəyə çatdırılmasına çalışacaqlar.

ADAU-nun professoru, Əməkdar kənd təsərrüfatı işçisi Firudin Qurbanov tədbir iştirakçılarına fındıq bitkisinin müasir becərilmə texnologiyaları və aqrotexnikası barədə ətraflı məlumat verib.

Simpoziumda Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov və Gürcüstan Fındıq İstehsalçıları Assosiasiyasının rəhbəri Giorgi Kobalia çıxış edərək, dünya fındıq bazarındakı mövcud vəziyyət, bu sahənin inkişafı ilə bağlı görülən işlər barədə danışıblar.

Tədbirdə, həmçinin ADAU-nun Bağçılıq kafedrasının müdiri, Əməkdar müəllim Hüseyn İdrisovun “Təkgövdəli fındıq becərilməsinin elmi əsasları”, Bitki klinikasının müdiri, dosent Sahil Quliyevin “Şabalıd bitkisində göbələk mənşəli xəstəliklər”, Aqrobiznes və Menecment kafedrasının dosenti Fərrux Rəhimovun “Qərzəkli bitkilərin istehsalı və marketinqi” mövzularında məruzələri dinlənilib.

Simpoziumun sonunda Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyəti sədrinin müşaviri Vüqar Namazov qurumun fəaliyyət istiqamətləri barədə təqdimatla çıxış edib.

Keçidlər