Zaqatala Rayon İcra Hakimiyyətində 2019-cu ilin altı ayının yekunları ilə bağlı müşavirə keçirilmişdir.
Zaqatala Rayon İcra Hakimiyyətində 2019-cu ilin altı ayının yekunları ilə bağlı müşavirədə rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə hesabat məruzəsi ilə çıxış edərək bildirmişdir ki, Prezident İlham Əliyevin ixracyönümlü istehsal, emal və infrastruktur müəssisələrinin yaradılması və inkişaf etdirilməsi istiqamətində verdiyi tapşırıqların icrasını təmin etmək məqsədi ilə Zaqatala rayonunda zəruri tədbirlər davam etdirilmiş. Builki mövsümdə zaqatalalı fermerlər 615,2 hektar sahədə tütün yetişdirilmişdir. Tütün əkini, bitkinin becərilməsi və məhsul yığımı işlərinə, ümumilikdə, 1842 nəfər mövsümi işçi cəlb edilmiş,hazırda sahələrdə yaşıl tütünün dərimi davam edir. Yaz mövsümündə 255 hektar sahədə yeni fındıq bağları salınaraq, mövcud fındıq bağlarının sahəsi 19 min 760 hektara çatdırılmış, builki mövsümdə rayonda 52 ton 945 kiloqram yaş barama istehsal edilmiş, məhsul istehsalı ötən illə müqayisədə 4 ton 841 kiloqram artmışdır.
Diqqətə çatdırılıb ki, Zaqatala rayonu üçün ənənəvi və ixrac potensialı yüksək olan sahələrdən biri də gülçülükdür. Cari ilin yaz mövsümündə “AzRose” MMC-nin ərazisində 20 hektarda yeni qızılgül plantasiyası salınaraq, cəmiyyətə məxsus plantasiyaların ümumi sahəsi 181 hektara çatdırılıb. Plantasiyaların 144,8 hektarında “Dəməşq qızılgülü”, 36,2 hektarda isə “Lavanda” gülü əkilib. Ötən müddətdə bar verən sahələrdən 280 ton qızılgül, 26 ton lavanda ləçəyi tədarük edilib, müəssisə tərəfindən 70,5 litr qızılgül və 1034 litr lavanda yağı istehsal edilib.
Hesabat dövründə rayonda ekoloji məsələlər diqqət mərkəzində saxlanılıb, 20,5 hektar sahədə mədəni meşə əkini aparılıb. Bundan əlavə, 14 hektar sahədə fındıq, qoz və şabalıd ağaclarından ibarət aqrobağ salınıb.
Diqqətə çatdırılıb ki, cari ilin birinci yarısında rayonda bütün maliyyə mənbələri hesabına 11 milyon 852 min manat həcmində tikinti, abadlıq və quruculuq işləri görülüb.
Prezidentin müvafiq Sərəncamının icrası olaraq, əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədi ilə Əliabad qəsəbəsində, Lahıc və Yengiyan kəndlərində subartezian quyuları qazılıb, Aşağı Tala kəndində isə subartezian quyusunun qazılmasına başlanılıb.
Müşavirədə, həmçinin bu ilin altı ayında əhalinin elektrik enerjisi, təbii qaz, içməli su və digər xidmətlərlə təminatının yaxşılaşdırılması, vətəndaşların ərizə və şikayətlərinə baxılması sahəsində görülən işlər də ətraflı təhlil olunub.