Zaqatala rayonunda icbari tibbi sığorta ilə bağlı maarifləndirici tədbir keçirilib
Heydər Əliyev Mərkəzində Zaqatala rayon icra hakimiyyətinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “Ölkə üzrə icbari tibbi sığorta sisteminin tətbiqi” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbirin keçirilməsində məqsəd əhalini icbari tibbi sığorta sistemi, sistemin üstünlükləri, ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə hazırlıq barədə məlumatlandırmaq olub.
Tədbirdə Zaqatala Rayon İcra Hakimiyyəti başçısının müavini Vəfa Süleymanova, Zaqatala rayon Mərkəzi Xəstəxanasının baş həkimi Məcid Əliyev, Agentliyin əməkdaşları Pərvin Baxşəliyeva, Elvin Abbasov və Vüsal Əzizov çıxış edərək, bildiriblər ki, maarifləndirmə tədbiri “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” ölkə başçısının imzaladığı Fərmana əsasən həyata keçirilir. Qeyd olunub ki, əhalinin sağlamlığının qorunması və göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması məqsədilə gələn ildən ölkə üzrə icbari tibbi sığortanın tətbiqi nəzərdə tutulub.
Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Məcid Əliyev çıxış edərək, ölkə rəhbərliyi tərəfindən səhiyyə sistemində aparılan islahatlar, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, icbari tibbi sığortanın pilot layihə çərçivəsində üç regionda uğurlu tətbiqi, sistemin üstünlükləri və s. barədə məlumat vermişdir.
Agentliyin əməkdaşları iştirakçılara icbari tibbi sığortanın xidmətlər zərfi, sığortahaqları, azadolma məbləği və s. barədə geniş şəkildə məlumat veriblər. Bildirilib ki, baza hissəyə aid olan ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidmətindən istifadə bütün vətəndaşlar üçün ödənişsizdir. Xidmətlər zərfinin əlavə hissəsinə aid olan ixtisaslaşdırılmış tibbi yardımdan istifadə etmək üçün isə sığortahaqqı ödənilməlidir. Eyni zamanda, bildirilib ki, imtiyazlı əhali qrupları sığortahaqqından azaddırlar.
Sonda vətəndaşları maraqlandıran suallar Agentliyin əməkdaşları tərəfindən cavablandırılıb və iştirakçılara maarifləndirici buklet paylanılıb.