Xarici ölkələrin diplomatları “Qızılgüllər diyarı” Zaqataladan zəngin təəssüratlarla ayrılıblaru
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Prezident Administrasiyasının və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə respublikamızın şimal-qərb bölgəsinə səfərləri çərçivəsində iyunun 28-də Zaqatala rayonunda olublar.
45-dən çox ölkəni və beynəlxalq təşkilatları təmsil edən diplomatlar Zaqatalanın sosial-mədəni həyatı və tarixi məkanları ilə tanış olub, emal müəssisələrinə baş çəkiblər.
Diplomatik korpusun nümayəndələri Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında rayonun rəhbər işçiləri tərəfindən qarşılanıblar.
Diplomatlara Zaqatalanın tarixi, mədəniyyəti, coğrafi mövqeyi, iqtisadiyyatı, turizm potensialı barədə məlumat verilib. Bildirilib ki, Böyük Qafqaz sıra dağlarının cənub yamaclarında yerləşən, 129 min nəfərə yaxın əhalisi olan Zaqatala rayonu tarixən multikulturalizm ənənələri ilə də fərqlənir. Rayonda 20-dən çox xalqın nümayəndəsi uzun illərdir dostluq və qardaşlıq şəraitində yaşayır.
Diqqətə çatdırılıb ki, Zaqatala rayonunun iqtisadiyyatında tütünçülük, meyvəçilik, o cümlədən fındıqçılıq, baramaçılıq, gülçülük mühüm yer tutur. Rayonda illik istehsal gücü 3500 ton olan tütün emalı zavodu, həmçinin tütün istehsalı və emalı məntəqəsi, “AzRose” MMC-nin qızılgül yağı istehsalı müəssisəsi, fındıq emalı zavodları fəaliyyət göstərir.
Sonra diplomatlar Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Məlumat verilib ki, Mərkəzdə müxtəlif təyinatlı bölmələr fəaliyyət göstərir. Binanın birinci mərtəbəsindəki ekspozisiya zalında Ulu Öndərin zəngin həyat yolu və çoxşaxəli fəaliyyətinin bütün dövrləri barədə ətraflı məlumat almaq mümkündür. Binada, həmçinin akt və konfrans zalları, elektron kitabxana, kinozal, müxtəlif dərnək otaqları, fotostudiya və poliqrafiya emalatxanası yerləşir. Mərkəzdə fəaliyyət göstərən rəqs, rəsm, gitara, gənc fotoqraf, dekorativ tikmə, xalçaçılıq və toxuculuq dərnəklərində hər gün xeyli sayda yeniyetmə və gənc məşğul olur.
Zaqatala Tarix-Mədəniyyət Qoruğu ilə tanışlıq zamanı məlumat verilib ki, qoruq 1804-1830-cu illərdə inşa edilən Zaqatala qalasında yerləşir. Çar hakimiyyəti tərəfindən Zaqatalaya sürgün edilmiş “Potyomkin” zirehli gəmisinin inqilabçı matrosları vaxtilə bu qalada məhbus kimi saxlanılıblar.
Diplomatlar qalanın ərazisini gəzib, xatirə şəkilləri çəkdiriblər.
Sonra diplomatik korpusun nümayəndələri ümummilli lider Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət Parkını ziyarət ediblər. Diqqətə çatdırılıb ki, 1947-ci ildə salınan parkın ərazisi 13 hektardır. Burada 27 növ ağac var.
Qonaqlar məşhur “Qaladüzü pilləkənləri”ndən düşərək Zaqatala şəhərinin tarixi hissəsinə - Dədə Qorqud meydanına gəliblər.
Rayon Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıq zamanı bildirilib ki, 1967-ci ildə yaradılan muzeydə 16 minə yaxın eksponat nümayiş etdirilir.
Diplomatik korpusun nümayəndələri daha sonra “Azərtütün” MMC-nin rayonun Aşağı Tala kəndi ərazisində yerləşən tütün emalı zavoduna gəliblər. Məlumat verilib ki, illik istehsal gücü 3500 ton olan bu zavod nəinki Cənubi Qafqazda, ümumiyyətlə, MDB məkanında ən müasir texnologiyalar əsasında qurulan və bənzəri olmayan emal müəssisəsidir. Zavodda ABŞ, İtaliya və Almaniya istehsalı olan ən son texnoloji avadanlıq quraşdırılıb. Emal məntəqələrindən zavoda daxil olan quru tütün yarpaqları bu avadanlıq vasitəsilə yenidən nəmləndirilir, zoğdan ayrılır, didilir, qurudulur və uzun müddət saxlanma imkanına malik xammal istehsal edilir. Xammal daha sonra karton yeşiklərə preslənərək qablaşdırılır, zavodun anbarlarına yığılır və sifarişçilərə göndərilir.
“AzRose” MMC-nin qızılgül yağı istehsalı müəssisəsi ilə tanışlıq da diplomatlarda böyük maraq doğurub. Məlumat verilib ki, Zaqatala rayonunda ənənəvi və ixrac potensialı yüksək sahələrdən biri də gülçülükdür. Zaqatala rayonu “Qızılgüllər diyarı” kimi də tanınır. Zavod 2018-ci ildə fəaliyyətə başlayıb. Hazırda müəssisənin 145 hektar “Dəməşq qızılgülü” və 36 hektar “Lavanda” gülü plantasiyası var. Bu il plantasiyalardan 280 ton qızılgül və 20 ton lavanda gülü toplanıb. Diqqətə çatdırılıb ki, 3800 kiloqram qızılgüldən 1 kiloqram gül yağı və 80 kiloqram lavanda gülündən 1 kiloqram lavanda yağı alınır. Müəssisədə istehsal olunan məhsulların Fransa, Litva və İsveçrəyə ixrac edilməsi nəzərdə tutulur.
Zaqatalaya səfərləri çərçivəsində diplomatlar fındıq emalı zavodunda da olublar. Məlumat verilib ki, Azərbaycanda fındıq istehsalının böyük bir hissəsi Zaqatala rayonunun payına düşür. Emal zavodlarında istehsal olunan fındıq ləpəsi və fındıq məhsulları Rusiya, Almaniya, İtaliya və digər Avropa ölkələrinə ixrac edilir. Diqqətə çatdırılıb ki, Zaqatalada Beynəlxalq fındıq, qoz və şabalıd festivalının keçirilməsi artıq ənənə halını alıb.
Ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Zaqataladan zəngin təəssüratlarla ayrılıblar.
Səfər zamanı diplomatları Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi, səfir Pərvin Mirzəzadə müşayiət edib.