Yaz aylarında Zaqatalanın qızılgül plantasiyasından 280 ton gül ləçəyi yığılıb
Zaqatala rayonunda ənənəvi və ixrac potensialı yüksək sahələrdən biri də gülçülükdür. Son illər rayonda digər sahələrlə yanaşı, gülçülüyün inkişaf etdirilməsi istiqamətində də zəruri tədbirlər həyata keçirilir. Ötən il rayonun Aşağı Tala kəndində “AzRose” MMC-nin qızılgül yağı istehsalı müəssisəsinin fəaliyyətə başlaması “Qızılgüllər diyarı” kimi tanınan Zaqatalada gülçülüyün əvvəlki şöhrətinin bərpa edilməsinə öz töhfəsini verməkdədir.
Bu il yaz mövsümündə müəssisənin ərazisində 20 hektarda yeni qızılgül plantasiyası salınaraq cəmiyyətə məxsus plantasiyaların ümumi sahəsi 181 hektara çatdırılıb. Plantasiyaların 144,8 hektarında “Dəməşq qızılgülü”, 36,2 hektarda isə “Lavanda” gülü əkilib. Bundan əlavə, cari ildə sınaq məqsədilə 0,5 hektar sahədə nanə plantasiyası da salınıb. Nəticə yaxşı olarsa, payızda nanə plantasiyasının sahəsinin 3 hektara çatdırılması nəzərdə tutulur.
Yaz aylarında cəmiyyətə məxsus 125 hektar bar verən qızılgül plantasiyasından 280 ton gül ləçəyi toplanıb. Bundan əlavə, 36 hektaradək bar verən “Lavanda” gülü plantasiyasından indiyədək 14 ton gül ləçəyi tədarük olunub və hazırda gül yığımı davam edir.
Xatırladaq ki, 2018-ci ildə “AzRose” MMC-nin 64 hektar barverən qızılgül plantasiyasından 120 ton 787 kiloqram qızılgül ləçəyi, 35 hektar “Lavanda” plantasiyasından isə 22 ton 663 kiloqram lavanda gülü yığılıb. Tədarük edilən yaş gül ləçəklərindən 38 litr qızılgül və 290 litr lavanda yağı istehsal olunub.