Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada keçirilən konfransda terrorçuluqla mübarizədə ictimaiyyətin rolu məsələləri müzakirə edilib

04 iyun 2019 | 16:00

Müasir dövrdə terrorçuluq bütün dövlətlər üçün ciddi təhlükə mənbəyidir. Azərbaycan Respublikası terrordan zərər çəkmiş ölkələrdən biridir. Belə ki, təkcə Ermənistan tərəfindən ölkəmizə qarşı 373, o cümlədən nəqliyyat və kommunikasiya obyektlərində 32 terror aktı törədilib, 2 mindən artıq mülki şəxs ölüb və əlil olub. Bu faktlar Dövlət Təhlükəsizliyi Xidmətinin Beynəlxalq Antiterror Təlim Mərkəzinin (DTX BATM) təşkilatçılığı ilə iyunun 4-də Zaqatala şəhərində keçirilən “Müasir dövrdə ölkəmizdə fəaliyyət göstərən pozucu qüvvələr” və “Terrorçuluqla mübarizədə ictimaiyyətin rolu” mövzularında regional elmi-praktik konfransda səsləndirilib.

Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayon rəhbərliyi, gənclər və qeyri-hökumət təşkilatlarının, elm, təhsil və mədəniyyət müəssisələrinin, həmçinin ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Rayon icra hakimiyyətinin nümayəndələri və DTX-nin əməkdaşları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, dahi rəhbərin xatirəsinə dərin ehtiramlarını bildiriblər.DTX-nin əməkdaşı Tural Məmmədov “Müasir dövrdə ölkəmizdə fəaliyyət göstərən pozucu qüvvələr” mövzusunda məruzəsində müasir dövrdə təhlükəsizliyi ciddi təhdid edən terrorizmə və radikalizmə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, təhlükəsizlik sahəsində əsas istiqamətlərdən biri kimi əks-kəşfiyyat fəaliyyəti ölkənin sosial-iqtisadi, elmi-texniki, hərbi və digər mühüm strateji əhəmiyyətli potensialının düşmənin kəşfiyyat-pozuculuq fəaliyyətinə, terror-təxribat əməllərinə qarşı yönəldilib. Əks-kəşfiyyat fəaliyyətinin əsas məqsədi ölkəmizdə yaşayan və buraya göndərilən casusların və təxribatçıların müəyyənləşdirilməsi, terrorçuların aşkar və ifşa edilməsi, ölkə daxilində xüsusi təhlükəli cinayət törətmiş və ya bunu həyata keçirməyə hazırlaşan şəxslərə qarşı mübarizənin aparılmasından ibarətdir.

Düşmənin xüsusi xidmət orqanlarının informasiya toplama üsulları barədə məlumat verən Tural Məmmədov bildirib ki, buraya açıq mənbələr olan KİV və internet resursları, dezinformasiya, gizli mənbələr - ölkənin daxilində yerləşdirilən casuslar və “vətən xainləri” aiddir.

Qeyd olunub ki, terrorçuluq cəmiyyətdə qorxu və vahimə yaratmaq, insanları öz iradəsinə tabe etdirmək, siyasi hakimiyyət orqanlarına təsir və təzyiq vasitəsidir.

Konfransda DTX-nin əməkdaşı Azər Əfəndiyev “Terrorçuluqla mübarizədə ictimaiyyətin rolu” mövzusunda məruzə ilə çıxış edib. Bildirilib ki, terrorçuluq, həmçinin onun nəticələri müasir dünyanın toqquşduğu əsas və daha təhlükəli problemlərdəndir. Müasir dövrdə terrorizm bir çox dövlətin təhlükəsizliyi üçün artıq ciddi təhdid təşkil edir. Onun qurbanı dövlətlər və insanlar ola bilər. Terrorizm müasir dövrdə ən təhlükəli, çətin proqnozlaşdırılan və getdikcə daha müxtəlif formalarda həyata keçirilən, daha hədələyici miqyas alan ciddi təhdidlərdən biridir. Terror aktları insan tələfatı ilə nəticələnir, geniş ictimaiyyətə güclü psixoloji təzyiq göstərir, dövlətlər arasında nifaq salır, müharibələrə, sosial və milli qruplar arasında inamsızlığın və nifrətin yaranmasına səbəb olur.

Qeyd olunub ki, dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyeva gənclərin vətənpərvərlik ruhunda yetişmələri, onların vətənə və dövlətə sədaqət ruhunda tərbiyə olunmaları istiqamətində çoxsaylı proqram və layihələrin həyata keçirilməsinə daim xüsusi diqqət göstərirlər. Son illərdə yeniyetmə və gənclər arasında hərbi-vətənpərvərlik hisslərinin, milli-mənəvi dəyərlərə bağlığın daha da güclənməsi məhz bu istiqamətdə görülən işlərin nəticəsidir. Lakin bu məsələdə hər bir vətəndaş ayıq-sayıq olmalı, görülən işlərə fəal töhfə verməlidirlər. Çünki düzgün və sistemli təbliğat işlərinin aparılmaması cəmiyyətdə ayrı-seçkiliyə və gənclərin yanlış istiqamətdə formalaşmasına gətirib çıxara bilər.

Çıxışlardan sonra Azərbaycan təhlükəsizlik orqanlarının fəaliyyətini əks etdirən film nümayiş olunub.Sonda Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə mühüm məsələlərə həsr olunan konfransın əhəmiyyətini yüksək qiymətləndirib, belə tədbirlərin bölgələrdə təşkilinə görə minnətdarlığını bildirib.

Keçidlər