Şriftin ölçüsü :

Saytın rəngi :

Qeyri-rəsmi məşğulluq işçiləri əmək və sosial təminat hüquqlarından məhrum edir

29 may 2019 | 16:00

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin iş planına əsasən işəgötürənlər arasında növbəti maarifləndirmə tədbiri Zaqatala rayonunda təşkil olunub.

 Tədbir “Əmək və əməyin ödənilməsi normaları, qaydaları və təminatları” və “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularında keçirilib.

Bildirilib ki, Əmək Məcəlləsində işçilər üçün texnikanın, texnologiyanın əldə edilmiş səviyyəsinə uyğun olaraq əmək normaları (hasilat, vaxt, xidmət və işçilərin say normaları) müəyyən olunur. Əmək normalarının tətbiqi, dəyişdirilməsi və onlara yenidən baxılması kollektiv müqavilələrlə müəyyən edilir. Kollektiv müqavilə bağlanmadıqda isə həmkarlar ittifaqları ilə razılaşdırma əsasında işəgötürənlər tərəfindən həyata keçirilir. Yeni əmək normalarının qəbulu və tətbiqi barədə işçilərə ən azı iki ay qabaqcadan rəsmi məlumat verilməlidir.

Qeyd olunub ki, qısaldılmış iş vaxtının müddəti Əmək Məcəlləsinə əsasən, həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və birinci, ikinci dərəcə əlilliyi olan işçilər üçün, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün 36 saatdan artıq olmamalıdır.

Tədbirdə qeyri-rəsmi məşğulluğun əmək qanunvericiliyinin ciddi şəkildə pozulması, işçilərin əmək və sosial təminat hüquqlarından məhrum olması ilə nəticələndiyi barədə də məlumat verilib.

Keçidlər