Zaqatalada Novruz bayramı təntənə ilə qeyd edildi
20 mart 2013-cü il tarixdə Zaqatala rayonunda xalqımızın tarixi qədər qədim, müqəddəs və əziz el bayramı-“Novruz” bayramı münasibəti ilə bir sıra tədbirlər keçirilmişdir.
Tədbirdə Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyət nümayəndələr iştirak etmişlər.
İlk öncə zaqatalalıların bayramı yüksək səviyyədə qeyd edilməsi məqsədi ilə rayonda yaşayan 600-dən çox imkansız ailəyə Zaqatala rayon İcra Hakimiyyəti tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin rəhbərinin dəstəyi ilə maddi yardım göstərilmişdir.
“Novruz” şənliyinin əvvəlində bahar qızı, kosa və keçəl faytonla zurna nağaranın musiqi sədaları altında rayonun girəcəyindən şənliyin keçirildiyi Zaqatala qalasına doğru hərəkət etmişlər. Yolboyu zaqatalalıları salamlayan bahar qızı yurdumuza yazın gəlişi münasibəti ilə onları təbrik etmiş, hamını el şənliyinə səsləmişdir.
Zaqatalalıların bu tarixi məkanında keçirilən el şənliyində bayram tonqalı qalanmış, rəsm əsərləri, sənətkarlıq nümunələrinin sərgisi təşkil olunmuş, qədim adət-ənənələrimiz nümayiş etdirilmiş, at yarışları tədbirin rəngarəngliyini daha da artırmışdır. Bayram tədbirlərində incəsənət ustalarının, özfəaliyyət kollektivlərinin, xalq kəndirbazlarının və pəhləvanlarının çıxışları, eləcə də ayrı-ayrı kəndlərimizin milli adət-ənənələri, mətbəxtləri nümayiş etdirilmişdir.
Tədbirdə çıxış edən Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə minilliklər boyu formalaşan adət-ənənələrimizi qoruyaraq milli varlığımıza bolluq və bərəkət rəmzi kimi daxil olan “Novruz” bayramının ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra dövlət səviyyəsində böyük təntənə ilə qeyd olunduğunu xüsusi vurğulamış, Novruz bayramının YUNESKO-nun dünya xalqlarının mədəni irsi siyahısına daxil edilməsində möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın tarixi xidmətlərini qeyd etmişdir. Daha sonra rayon rəhbəri bu əziz el bayramı münasibəti ilə bütün zaqatalalıları təbrik etmiş, hər kəsə can sağlığı, xoş arzular bildirmişdir.
Bir neçə saat davam edən el şənliyi hər kəsin ruhunu oxşamış, bayram ovqatını artırmışdır.
Elə həmin gün axşam Zaqatala qalasında respublika incəsənət ustalarının bayram konserti zaqatalalıların sevincinə sevinc qatmışdır.