Zaqatala regionunda ölkə tarixində ilk biosfer qoruğu yaradılacaq
Almaniya İnkişaf Bankının və Azərbaycan hökumətinin müvafiq dəstəyi ilə Zaqatala regionunda ölkə tarixində ilk biosfer qoruğu yaradılacaq. Zaqatala biosfer qoruğunun yaradılması layihəsinə artıq bir neçə ildir başlanılıb, layihəyə hazırlıq işləri bitib. Hazırda Almaniya İnkişaf Bankının təşkilatçılığı ilə Almaniyada beynəlxalq tender keçirilib və tenderə təşkilatlar cəlb olunub. Yaxın həftələrdə tenderin qalibinin elan ediləcəyi gözlənilir. Tenderin qalibi olan şirkət tərəfindən Zaqatala biosfer qoruğunun yaradılması işlərinə başlanılacaq.
Bu barədə Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə mayın 22-də keçirilən mətbuat konfransında məlumat verib.
H.Əlizadə, həmçinin deyib: "Layihənin ümumilikdə 4 il ərzində başa çatdırılması, yəni 2023-cü ilin sonuna qədər bitməsi planlaşdırılır. Layihə çərçivəsində Zaqatala Dövlət Təbiət Qoruğunun bazasında və ətraf ərazilərdə istər təbiəti mühafizə, istərsə də sosialyönümlü tədbirlərin həyata keçirilməsi, yəni orada yaşayan əhalinin həyat səviyyəsinin yüksəldilməsi, həmin ərazinin tam ekoloji cəhətdən təhlükəsiz bir əraziyə çevrilməsi nəzərdə tutulub".