Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada ilk startap turu keçirilib

17 may 2019 | 16:00

Zaqatala şəhərində “I2B-İdeyadan Biznesə” layihəsi çərçivəsində ilk startap turu keçirilib. Startap turuna 100-dən çox iştirakçı qatılıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən  bildirilib ki, 17 may - Beynəlxalq Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə təsadüf edən tədbirdə startap ekosisteminin formalaşdırılmasının informasiya cəmiyyətinin tələblərindən biri olduğu diqqətə çatdırılıb.

Tədbirin informativ sessiyasında “I2B-İdeyadan Biznesə” layihəsinin konsepsiyası, layihə çərçivəsində keçirilən startap turlarının məqsədi, əldə olunan nəticələr və gələcək planlar barədə məlumat verilib.

Bildirilib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, “Microsoft” və “Azercell” şirkətləri tərəfindən birgə həyata keçirilən “I2B-İdeyadan Biznesə” layihəsi çərçivəsində baş tutan turlar startap hərəkatının genişləndirilməsinə və vətəndaşların innovativ ideyalarının gerçəkləşdirilməsinə dəstək məqsədi ilə reallaşdırılır.

Tədbirin interaktiv hissəsində ideyası olan iştirakçılardan ibarət komanda formalaşdırılıb və komandalar peşəkar mentorlar tərəfindən müsabiqəyə hazırlanıb. Müsabiqədə komandalar öz ideyalarını münsiflər heyəti qarşısında təqdim ediblər. Komanda rəhbərlərinin təqdimatlarından sonra sual-cavab və layihənin müzakirəsi aparılıb. İkinci hissənin sonunda mütəxəssislərdən ibarət münsiflər Zaqatala şəhəri üzrə I, II və III yerlərin qaliblərini müəyyənləşdiriblər. Müsabiqədə ilk 3 yerə müvafiq olaraq “Səyyar kinoteatr”, “Tourism Education Center” və “Events Under Stars” layihələri layiq görülüb. Tədbirin yekununda qaliblər təşkilatçılar və tərəfdaşlar tərəfindən mükafatlandırılıblar.

Qeyd edək ki, respublikanın rayon və şəhərləri üzrə startap turlarının qalibləri Bakıda keçiriləcək Milli Finalda iştirak hüququ qazanır. Milli Finalda 1-ci, 2-ci və 3-cü yerləri tutan komandalar layihədə nəzərdə tutulmuş əsas mükafatlara sahib olacaqlar. Eyni zamanda, qalib komandalar avqust ayının sonlarında 12 regionun da qaliblərinin iştirak edəcəyi “Innocamp” yay düşərgəsinə vəsiqə qazanıb. Yay düşərgəsində "I2B-İdeyadan Biznesə" layihəsinin builki qalibləri mentorların, biznes inkubasiya mərkəzləri nümayəndələrinin, eləcə də psixoloqların dəstəyi ilə finala hazırlıq məşğələlərində iştirak edəcəklər.

Finalçılar və hər region üzrə birinci yerin qalibləri isə dekabrda keçiriləcək “Bakutel-2019” 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində öz layihələrini iştirakçılara və eyni zamanda, investorlara təqdim etmək şansı qazanacaqlar.

Xatırladaq ki, “İdeyadan Biznesə” startap turlarının Mingəçevir, Sabirabad, Sumqayıt, Gəncə, Göyçay, Tovuz, Lənkəran, Şamaxı, Naxçıvan və Zaqatala şəhərləri üzrə qalibləri artıq məlumdur.

Şəki startap turunda isə “http://www.i2b.az” saytında qeydiyyatdan keçərək iştirak etmək mümkündür.

Keçidlər