Şriftin ölçüsü :

Saytın rəngi :

Gənc kümçü: Qonşularımın məsləhəti ilə mən də ipəkqurdu götürdüm

17 may 2019 | 16:00

Zaqatala rayonunda baramaçılığın inkişaf etdirilməsi üçün yaxşı ənənə və çox böyük potensial var. İpəkçiliyin inkişafına dövlət dəstəyi rayonda ənənəvi sahələrdən olan baramaçılığın dirçəldilməsinə öz müsbət təsirini göstərməkdədir. Yaş baramanın satış qiymətinin artırılması, istehsalçılara subsidiyaların verilməsi zaqatalalı fermerlərin də bu gəlirli sahəyə marağını artırıb. Kənd adamları yaxşı başa düşürlər ki, baramaçılıqla məşğul olmaqla hər il öz ailə gəlirlərini daha da artıra bilərlər.

Builki mövsümdə Zaqatala rayonunda yaş barama istehsalının ötən illə müqayisədə 12 ton artırılaraq, 60 tona çatdırılması planlaşdırılır. Barama yetişdirmək üçün 360 kümçü ailəsi ilə müqavilə bağlanılıb, onlara 1500 qutu, yəni 28,5 kiloqram ipəkqurdu paylanılıb.

Son illər rayonun digər yaşayış məntəqələri kimi, Əliabad qəsəbəsində də baramaçılıq ənənələrinin bərpa edilməsi istiqamətində mühüm işlər görülüb. Qəsəbənin ərazi icra nümayəndəsi Həsən Həsənovun bildirdiyinə görə, əhali sovet dövründə də baramaçılıqla məşğul olub, bu sahədə yaxşı təcrübəsi var. Vaxtilə qəsəbədə 60 tonadək yaş barama istehsal olunurdu, yüzlərlə ailə bu sahədən gəlir götürürdü. Uzun illər fasilədən sonra baramaçılıq yenidən dirçəldilir. Ötən il qəsəbədə 25 kümçü ailəsi 1700 qram ipəkqurdunun bəslənilməsi ilə məşğul olub, 4,5 ton yaş barama istehsal edib. Bir ay müddətində bu ailələr baramaçılıqdan, ümumilikdə, 40 min manatdan çox gəlir götürüblər. Bir kiloqram yaş baramanın qiymətinin 9 manat olması qəsəbə əhalisinin bu sahəyə marağını daha da artırıb. Bu il baramaçılıqla məşğul olan ailələrin sayı artaraq 31-ə çatıb. Onlara 2755 qram ipəkqurdu paylanılıb. Cari mövsümdə qəsəbə üzrə yaş barama istehsalının 6,5-7 tona çatacağı proqnozlaşdırılır. Baramaçılığın gələcək yem bazasını təmin etmək məqsədilə son üç ildə qəsəbənin ərazisində 25 min ədəd Çindən gətirilən, 20 min ədəd isə yerli tut tingi əkilib.

Dövlətin bu sahəyə dəstəyindən ruhlanan qəsəbə sakini Kamal Heydərov bu il ilk dəfə baramaçılıqla məşğul olmağı qərara alıb. O, bu məqsədlə 60 qram ipəkqurdu götürüb.

Gənc ailə başçısının bildirdiyinə görə, indiyədək əsasən xırda təsərrüfat işləri və əkinçiliklə məşğul olub. Aztəminatlı ailə olduğu üçün bu il özünüməşğulluq proqramı çərçivəsində onlara 2 baş yanı balalı, iribuynuzlu heyvan da verilib.

Təsərrüfat sahibi ipəkqurdunun bəslənilməsi üçün həyətində zəruri şəraiti olan geniş qapalı yer ayırıb, xüsusi rəflər quraşdırıb. İpəkqurdunun yemlənməsi üçün lazım olan tut yarpağı həyətdəki bağdan, həmçinin qəsəbənin ərazisində əkilmiş tut ağaclarından tədarük olunur.

Kamal Heydərov deyib: “Baramaçılıq çox sərfəli və gəlirli sahədir. Qısa müddətdə yaxşı gəlir əldə etmək mümkündür. Qonşularımın məsləhəti ilə bu il mən də ipəkqurdu götürdüm. Azından 200 kiloqram yaş barama istehsal etməyi qarşıma məqsəd qoymuşam. Bu il ailə büdcəmə 1800 manatadək əlavə vəsait daxil olacaq. Hər şey fikirləşdiyim kimi olsa, gələn il daha çox ipəkqurdu götürməyi düşünürəm”.

Təsərrüfat sahibi deyib ki, ilk dəfə baramaçılıqla məşğul olduğu üçün bu işdə ona qonşuları da kömək edir, məsləhətlərini verirlər.

Kamal Heydərov çəkdiyi əziyyətin hədər getməyəcəyinə, tezliklə zəhmətinin bəhrəsini görəcəyinə əmindir.

Keçidlər