Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada bayram yarmarkası təşkil olunmuşdur

17 mart 2013 | 16:00

Novruzun gəlişi ərəfəsində Zaqatala şəhərinin Vidadi küçəsində, mərkəzi rayon xəstəxanasının yaxınlığındakı geniş ərazidə bayram satış yarmarkası təşkil olunmuşdur. Rayon icra hakimiyyətinin təşəbbüsü ilə keçirilən yarmarka Novruz bayramı ərəfəsində əhalinin ərzaq malları və kənd təsərrüfatı məhsullarına olan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədi daşıyır.
Yarmarkada əhaliyə rayonun bütün yaşayış məntəqələrindən gətirilmiş ət və süd məhsulları, balıq, quş əti, yumurta, tərəvəz, meyvə, göyərti, bayram çərəzləri və digər məhsullar təklif olunur. Sanitariya-gigiyena nəzarətindən keçirilən bu məhsullar bazardakından 10-20 faiz aşağı qiymətə satılır. Məsələn, bazarda mal ətinin kiloqramı 7 manat olduğu halda, yarmarkada 6 manata, bazarda kiloqramı 8 manata satılan qoyun əti burada 7 manata, balıq 4 manata, kənd yumurtası isə 15 qəpiyə təklif edilir.
Yarmarkanın ilk günündə satışa 3 ton mal əti, 1 ton qoyun əti, 1 ton quş əti, 12 ton tərəvəz məhsulları, bir neçə min ədəd yumurta və digər məhsullar çıxarılmışdır. Alıcılar yaradılan şəraitdən, məhsulların keyfiyyətindən və qiymətlərdən razılıq edirlər. Bayram yarmarkası növbəti günlərdə də davam edəcəkdir.

Keçidlər