Zaqatalalı kümçülərə 1500 qutu ipəkqurdu paylanılacaq
Builki mövsümdə Zaqatala rayonunda yaş barama istehsalının ötən illə müqayisədə 12 ton artırılaraq, 60 tona çatdırılması planlaşdırılır. Barama yetişdirilməsi üçün kümçülərə 1500 qutu ipəkqurdu paylanılacaq.
Əvvəlki illərdə olduğu kimi, bu il də kümçülərə paylanılacaq ipəkqurdları rayonun özündə yetişdirilib. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Çin Xalq Respublikasından alınaraq ölkəmizə gətirilən 20 min qutu hibrid ipəkqurdu sənaye toxumlarının 1500 qutusu aprelin 24-də Zaqatala rayonundakı barama toxumu zavodunda inkubasiyaya qoyulub. Toxumların inkubasiya müddəti artıq başa çatıb və əldə olunan ipəkqurdlarının mayın 2-dən bölgü əsasında rayonun kümçülərinə paylanılmasına başlanılıb.
Barama toxumu zavodunun direktoru Camal Köngülovun verdiyi məlumata görə, prosesin ilk günündə 190-dək kümçüyə 400 qutu və ya 7,6 kiloqram ipəkqurdu paylanılıb.
Zaqatalalı kümçülərə ipəkqurdlarının paylanılması prosesi növbəti iki gün ərzində başa çatdırılacaq.