Zaqatalalı arıçı: Subsidiyaların verilməsi arıçılığın inkişafına böyük dəstəkdir
Arıçılıq Azərbaycanda ən qədim təsərrüfat sahələrindən biri hesab olunur. İqtisadi cəhətdən gəlirli sahə olan arıçılıq, eyni zamanda, ətraf aləmin, ekoloji mühitin yaxşılaşdırılmasına da çox mühüm təsir göstərir.
Arıçılığın inkişaf etdirilməsi dövlətin aqrar siyasətinin prioritet istiqamətlərindən biridir
Azərbaycanda arıçılığın inkişaf etdirilməsi dövlətin aqrar siyasətinin prioritet istiqamətlərindən biri hesab olunur və bu sahə diqqət mərkəzində saxlanılır. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev arıçılığa dövlət dəstəyinin artırıldığını vurğulayaraq deyib: “Arıçılığın həm daxili bazar, həm də ixrac üçün çox böyük potensialı var. Bizim balımız çox keyfiyyətlidir, xarici bazarlarda yüksək qiymətləndirilir. Biz indi həm ailə biznesi çərçivəsində arıçılığa dəstək oluruq, həm də ki, subsidiyalar verilir, bu yaxınlarda artırılıbdır. Arıçılığın böyük perspektivləri var, bu, çox gəlirli sahədir. Fermerlər, vətəndaşlar üçün çox gözəl nəticələr verə bilər”.
Dövlətin arıçılığa dəstəyinin gücləndirilməsi respublikamızın digər regionları kimi, Zaqatala rayonunda da əhalinin bu gəlirli sahəyə marağının artmasına səbəb olub. Son vaxtlar rayonda arıçılıqla məşğul olanların sayı xeyli artıb.
Zaqatalalı arıçılara 210 min manata yaxın subsidiya ödənilib, 5 mindən çox arı ailəsi üçün də sənədlər hazırlanıb
Azərbaycan Arıçılar Assosiasiyası Zaqatala rayon şöbəsinin sədri, təcrübəli arıçı Mövlüddin Qurbanəliyev rayonda arıçılığın inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.
Müsahibimiz bildirib ki, bir neçə il əvvəl aparılan statistikaya görə, Zaqatala rayonunda 18 min arı ailəsi mövcud idisə, artıq onların sayı 29 minə çatıb. Hazırda rayonda 1190 ailə təsərrüfatı arıçılıqla məşğul olur. Prezident İlham Əliyevin 2018-ci il martın 5-də imzaladığı “Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” Sərəncamdan irəli gələn tədbirlər Zaqatala rayonunda da uğurla icra olunur. Belə ki, Rayon Dövlət Aqrar İnkişaf Mərkəzi tərəfindən birinci mərhələdə 816 arıçının təsərrüfatında olan 20 min 974 arı ailəsi qeydiyyata alınaraq identifikasiya kodu ilə təmin edilib. Onlara dövlət büdcəsinin vəsaiti hesabına hər arı ailəsinə 10 manat hesabı ilə 209 min 740 manat subsidiya ödənilib. İkinci mərhələdə daha 249 arıçının təsərrüfatında olan 5 min 169 arı ailəsi identifikasiya kodu ilə təmin edilib. Yaxın vaxtlarda onlara da subsidiyanın verilməsi təmin olunacaq.
“Subsidiyalar arı ailələrinin köçürülməsi, dərman preparatları ilə təmin edilməsi üçün tam yetərlidir”
Mövlüddin Qurbanəliyev deyib ki, dövlətimizin başçısının bilavasitə təşəbbüsü ilə atılan bu addım arıçılığın inkişafına böyük dəstəkdir: “Uzun illərdir ki, ailəmlə birlikdə arıçılıq sahəsində çalışıram. Təsərrüfatımdakı 420 arı ailəsinə görə mənə 4200 manat subsidiya ödənilib. Bu vəsait təsərrüfatda olan arı ailələrinin mövsümlə əlaqədar bir neçə dəfə dağlıq və aran ərazilərinə köçürülməsi, arıların müalicəsi məqsədilə zəruri dərman preparatlarının alınması, həmçinin arı pətəklərinin hazırlanması, yeni arı ailələrinin yetişdirilməsi üçün tam yetərlidir. Arıçılıqla məşğul olanlara bundan yaxşı dəstək olarmı?”.
Özünüməşğulluq proqramı çərçivəsində ötən il Zaqatalada 5 aztəminatlı ailənin hər birinə 15 arı ailəsi verilib
Arıçılar Assosiasiyası rayon şöbəsi sədrinin bildirdiyinə görə, dövlət arıçılıqla məşğul olmaq arzusunda olan aztəminatlı ailələrə də öz köməyini əsirgəmir. Belə ki, ölkədə uğurla həyata keçirilən özünüməşğulluq proqramı çərçivəsində keçən il Zaqatala rayonunda 5 aztəminatlı ailənin hər birinə 15 arı ailəsi verilib. Bu ailələr gələcəkdə arıçılıq təsərrüfatlarını genişləndirməklə gəlirlərini daha da artıra biləcəklər.
Peşəkar arıçı bu il hər arı pətəyindən 15-20 kiloqram məhsul gözləyir
Müsahibimiz qeyd edib ki, apreldə havaların qeyri-sabit, yağışlı keçməsinə baxmayaraq, builki yaz mövsümü arıçılıq təsərrüfatları üçün əlverişlidir. Havaların soyuq keçməsi mövsümü 15-20 gün gecikdirsə də, yağan yağışlar təbiəti daha da canlandırıb, zənginləşdirib. Ona görə də, bu il məhsuldarlıq yüksək olmalıdır. Təsərrüfat rəhbərinin özü builki mövsümdə hər arı pətəyindən 15-20 kiloqramadək məhsul gözləyir. Ötənilki mövsümdə isə onun təsərrüfatında hər arı ailəsi 10-12 kiloqram bal verib.
Arıçılıqda damazlıq işinin düzgün təşkili mühüm rol oynayır
Arıçılıqda damazlıq işinin düzgün təşkilinin mühüm rol oynadığını bildirən Mövlüddin Qurbanəliyev deyib: “Arıçı bu işi düzgün təşkil etsə, yaxşı da məhsul götürər. Bu bölgədə tarixən mövcud olan və dünyada ən məhsuldar arı cinslərindən sayılan “Boz Qafqaz” cinsi artıq cırlaşıb, mələzləşib. Bu gün həmin arı sortuna çox az rast gəlinir. Bütün arıçılıq təsərrüfatlarının damazlıq ana arıya ehtiyacları var. Məcburuq ki, Rusiyanın, Ukraynanın, Türkiyənin arıçılıq təsərrüfatlarından baha qiymətə damazlıq ana arı alıb gətirək. Doğrudur, respublikamızın bəzi bölgələrində damazlıq arıçılıq təsərrüfatları fəaliyyət göstərir. Lakin bu təsərrüfatlar arıçıların ehtiyaclarını tam şəkildə ödəyə bilmir”.
Yeni meşəliklər salınarkən çiçək şirəsi yüksək olan bitkilərə, ağaclara üstünlük verilməlidir
Mövlüddin Qurbanəliyevin sözlərinə görə, arıçılıqda məhsuldarlığın yüksəldilməsində əsas yollardan biri də baltutar yem mənbələrinin yaradılmasıdır: “Çiçək şirəsi (nektar) yüksək olan bitkilərdən ibarət meşəliklərin salınması bal arılarının məhsuldarlığının artmasına müsbət təsir göstərir. Ona görə də, yeni meşəliklər salınarkən akasiya və cökə ağaclarına üstünlük verilməlidir”,- deyə təcrübəli arıçı bildirib.