Zaqatalada görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın xatirəsi anılıb
Azərbaycan tibb elminin inkişafında müstəsna xidmətləri olan görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın mənalı ömür yolu hər bir azərbaycanlı, elm adamı və tibb işçisi üçün əsl həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.
Bu fikirlər akademik Zərifə Əliyevanın anadan olmasının 96-cı ildönümü münasibətilə aprelin 27-də Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən “Zərif işıq” mövzusunda elmi-praktiki konfransda səsləndirilib.
Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatı Qadınlar Şurasının təşkilatçılığı ilə keçirilən konfransda rayonun ziyalı qadınları, təhsil, mədəniyyət və tibb işçiləri iştirak ediblər.
Konfransda görkəmli alimin mənalı ömür yolundan, tibb elminin, xüsusilə də onun az inkişaf etmiş oftalmologiya sahəsinin inkişafındakı xidmətlərindən danışılıb. Bildirilib ki, Zərifə xanım Əliyeva yüksək daxili mədəniyyəti, incə qəlbi, elmə sədaqəti ilə qədirbilən xalqımızın yaddaşında həmişə yaşayır, daim böyük ehtiramla anılır. O, yorulmaz fəaliyyəti ilə insanlara daim nur bəxş edib, gözlərə işıq verib.
Vurğulanıb ki, akademik Zərifə Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir. Xalqımıza məxsus xeyirxahlıq, mərhəmətlilik kimi nəcib keyfiyyətləri, saf mənəvi dəyərləri, eləcə də müasirliyi və əməksevərliyi öz nurlu şəxsiyyətində cəmləyən bu nəcib qadının, qayğıkeş ananın, dəyərli alim və ictimai xadimin canlı və parlaq çöhrəsi bütöv bir dövrün, zamanın obrazı kimi qarşımızda durur.
Bildirilib ki, Zərifə xanım istedadlı alim olmaqla yanaşı, həm də qayğıkeş və sevimli həyat yoldaşı, övladlarına gözəl tərbiyə verən mehriban ana olub. Təsadüfi deyil ki, bu ailənin övladı İlham Əliyev bu gün dövlətimizin başçısı kimi hər bir azərbaycanlının dərin hörmət və məhəbbətini qazanıb.