Şriftin ölçüsü :

Saytın rəngi :

Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında Zaqataladan 58 nəfər iştirak edib

26 aprel 2019 | 16:00

Dünyanın ən böyük nüvə fəlakəti hesab olunan Çernobıl qəzasından 33 il ötür. 1986-cı il aprelin 26-da Çernobıl Atom Elektrik Stansiyasının dördüncü blokunda baş vermiş qəza nəticəsində yüzlərlə insanın həyatına son qoyulub, yüz minlərlə insan radioaktiv şüalanmaya məruz qalaraq sağlamlığını itirib, böyük bir ərazi xarabazara çevrilib. Qəzanın nəticələrinin aradan qaldırılması üçün keçmiş sovet respublikalarından yüz minlərlə insan, o cümlədən 7 mindən çox azərbaycanlı cəlb edilib. Bu barədə Çernobıl qəzasının ildönümü ilə əlaqədar aprelin 26-da Zaqatala Rayon İcra Hakimiyyətində keçirilən tədbirdə məlumat verilib.

Əvvəlcə Çernobıl qəzası qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə 33 il əvvəl baş vermiş dəhşətli qəzanın acı nəticələrindən bəhs edilib, bu qəzanın Avropada XX əsrin ən böyük radiasiya fəlakəti olduğu bildirilib. Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1993-cü ilin dekabrında Azərbaycan Respublikasının Milli Məclisi “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi” haqqında Qanun qəbul edib. Həmin Qanuna, həmçinin Prezident İlham Əliyevin son illərdə imzaladığı sərəncamlara uyğun olaraq həyata keçirilən tədbirlər Çernobıl əlillərinin sosial rifahının yaxşılaşdırılmasında böyük rol oynayıb.

Diqqətə çatdırılıb ki, qəzanın nəticələrinin aradan qaldırılmasında Zaqatala rayonundan da 58 nəfər iştirak edib. Onlardan 14 nəfəri artıq dünyasını dəyişib.

Tədbirdə Çernobıl əlili Vahid Ömərov çıxış edərək, onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Sonda Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak etmiş zaqatalalılara ərzaq yardımı göstərilib.

Keçidlər