Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada heyvanlar arasında profilaktik tədbirlər aparılır

24 aprel 2019 | 16:00

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) tərəfindən ölkə ərazisində epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Dövlət Baytarlıq Xidmətindən hazırda Zaqatala Rayon Baytarlıq İdarəsi vətəndaşların xüsusi mülkiyyətində olan 60715 baş iribuynuzlu, 137802 baş xırdabuynuzlu, 4369 baş təkdırnaqlı, 329125 ev quşu, 30647 arı ailəsinə baytarlıq xidməti göstərir.

Cari ilin ilk günlərindən başlayaraq rayonun həm fərdi, həm də fermer təsərrüfatlarında saxlanılan heyvanlar arasında profilaktiki peyvəndləmə tədbirlərinin və diaqnostik müayinələrin icrasına start verilib.

Hazırda Zaqatala Rayon Baytarlıq İdarəsi tərəfindən rayonun Əliabad qəsəbə sakini Nəzir Həsənova məxsus 102 baş iribuynuzlu və 220 baş xırdabuynuzlu heyvan saxlanılan təsərrüfatda, eləcə də həmin qəsəbə sakini Sayad Qarayevə məxsus 48 baş iribuynuzlu, 400 baş xırdabuynuzlu və digər heyvanlarda müvafiq epizootik tədbirlər icra edilib. Əliabad qəsəbəsinə daxil olan ərazidə 72000 baş iribuynuzlu heyvan, 4071 baş xırdabuynuzlu heyvan, 25410 baş quş, 539 baş at və 1757 arı ailəsi mövcuddur. Ümumiyyətlə, rayonun 32 kənd, 2 qəsəbə və 1 şəhəri əhatə edən təsərrüfatlarında 60341 baş iribuynuzlu, 3709 baş təkdırnaqlı heyvanda qarayara, 3443 baş itdə quduzluq, 278572 baş cücədə (“La-sota” ştammı ilə) və 63086 baş quşda (“H” ştammı ilə) nyukasl xəstəliklərinə qarşı profilaktik peyvəndləmə aparılıb.

Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə 2765 baş iribuynuzlu və 83 baş xırdabuynuzlu heyvandan qan alınaraq seroloji müayinə edilməsi üçün laboratoriyaya göndərilib. Eləcə də 15062 kvadratmetr sahədə dezinfeksiya və dezinseksiya tədbirləri görülüb.

Fevral ayından Zaqatala rayonu ərazisində saxlanılan heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Artıq 60908 baş iribuynuzlu və 38181 baş xırdabuynuzlu heyvanda dabaq xəstəliyinə qarşı peyvəndləmə aparılıb.

Mart ayının ilk günlərindən isə Zaqatala Rayon Baytarlıq İdarəsi tərəfindən sahə baytarlıq məntəqələri arasında iribuynuzlu heyvanların iti yoluxucu nodulyar dermatit xəstəliyinə qarşı aparılacaq vaksinin bölgüsü başa çatdırılıb və peyvəndləmə tədbirinə başlanılıb. Artıq 24989 baş iribuynuzlu heyvanda nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə işi görülüb. Ümumiyyətlə, rayonun təsərrüfatlarında heyvanlar arasında peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir.

Qeyd edək ki, tədbirlər çərçivəsində maarifləndirmə işi aparılaraq həm xüsusi təhlükəli, həm də yoluxmayan xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı məlumat verilir, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir. Mövsümi xəstəliklərə, o cümlədən qan parazitləri, helmintozlar və dəri mozalanlarına qarşı heyvan sahibinin hesabına aparılacaq tədbirlər barədə məsləhətlər, həmçinin risklər (xəstəliklərin yaranma, ötürülmə, yoluxma, idarə olunma, azaldılma və qarşısının alınması) və yeni yanaşmalar barədə ətraflı məlumatlar verilir.

Zaqatala rayonu ərazisində saxlanılan heyvanlarda bundan sonra da peyvəndləmə tədbirləri davam etdiriləcək. Belə ki, leptospiroz, bruselyoz (Ştam-19 vaksini ilə), xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, leptospiroz, quşlar arasında xəstəliklərə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin atlarda manqo (göz sınağı müayinəsi), iribuynuzlu heyvanlarda vərəm (allergik müayinə), xırdabuynuzlu heyvanlarda bruselyoz və qoçlarda epididimitə (seroloji müayinə) görə diaqnostik, quşlarda, iri və xırdabuynuzlu heyvanlarda (askaridioz, diktikaulyoz, fassilyoz və s.) koproloji müayinələrin aparılması nəzərdə tutulur.

Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

Keçidlər