Zaqatalalı fermer bu il soya bitkisinin əkin sahəsini iki dəfəyədək artıracaq
Zaqatala rayonunun fermerləri artıq üçüncü ildir ki, soya bitkisinin əkininə maraq göstərirlər. 2018-ci ildə fermerlər 100 hektar soya sahəsindən 194 ton məhsul tədarük ediblər. Soya əkilən sahələrin böyük hissəsi Muxax kənd sakini Abdulla Mahmudovun rəhbərlik etdiyi “Muxax” İstehsal Kooperativinin payına düşüb. Ötən il təsərrüfat sahibi əvvəlcə 45 hektarda soya əkib, 95 ton məhsul tədarük edib. Taxıl biçini başa çatdıqdan sonra fermer 50 hektarda təkrar əkin kimi yenidən soya əkib və hər hektardan 1 ton məhsul götürüb.
Təsərrüfat rəhbəri bildirib ki, builki mövsümdə soya bitkisinin əkin sahəsini iki dəfəyədək artıraraq 90-100 hektara çatdırmağı planlaşdırır. Hazırda soya əkiləcək sahə şumlanaraq tam hazır vəziyyətə gətirilib və yaxın günlərdə əkinə başlanılacaq. Fermer, eyni zamanda, bu il yenə də taxıl biçinindən sonra 50 hektarda təkrar soya əkməyi planlaşdırır.
Soyanın yüksək rentabelli və qiymətli bitki olduğunu vurğulayan təsərrüfat rəhbəri deyib: “Xüsusilə, heyvandarlığın, quşçuluğun inkişaf etdirilməsində, bu sahələrin yem təminatında, məhsuldarlığın artırılmasında soya bitkisi mühüm rol oynayır. Soya unu mal-qara üçün çox dəyərli yem hesab olunur. Soya dənindən yağ, marqarin, pendir, süd, un, qənnadı məmulatı və başqa məhsullar da alınır. Soyadan alınan yağ sabunbişirmə sənayesi üçün də xammaldır. Ondan lak-boyaq sənayesində istifadə olunur”.
Zaqatalalı fermer, eyni zamanda, uzun illərdir ki, taxıl, qarğıdalı və günəbaxan istehsalı ilə də məşğul olur. Ötən ilin payızında təsərrüfatda cari ilin məhsulu üçün 270 hektarda taxıl səpini aparılıb. Fermer bu ilin yazında 50 hektar sahədə günəbaxan əkib. Yaxın günlədə təsərrüfatda 40 hektarda qarğıdalı əkininə də başlanılacaq.