Zaqatalada əsaslı təmirdən sonra bağça istifadəyə verildi.
07 mart 2013-cü il tarixdə Yuxarı Tala kənd 01 saylı uşaq baxçasının əsaslı təmirindən sonra açılış mərasimi keçirilmişdir. Tədbirdə Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, hüquq-mühafizə orqanlarının rəhbərləti və ictimaiyyət nümayəndələrin iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə bağçanın balaca sakinlərini, onların valideynlərini əlamətdar hadisə münasibətilə təbrik etmiş, ölkəmizdə uşaqlara göstərilən qayğısından danışmışdır. Ulu öndərimiz Heydər Əliyevin uşaqlara daim böyük sevgi və məhəbbət bəslədiyini xüsusi vurğulamış, bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin, habelə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bilavasitə diqqət və qayğısı sayəsində ölkəmizdə uşaqların sağlamlıqlarının qorunması, təlim-tərbiyəsi və təhsili sahəsində mühüm tədbirlərin həyata keçirildiyini diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, bu rayonda əsaslı təmir olunan sayca 11-ci uşaq bağçasıdır. Natiq bu istiqamətdə tədbirlərin gələcəkdə də davam etdiriləcəyini, yeni bağçaların tikiləcəyini, köhnələrinin isə əsaslı təmir olunacağını bildirmişdir. Mərasimdə rayon təhsil şöbəsinin müdiri Habil Qurbanov, bağçanın müdiri Mirvari İsrafilova, valideynlər çıxış edərək uşaqların təlim-tərbiyəsinə göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.
Uşaqların hazırladıqları bədii proqramdan sonra bağçaya baxış keçirilmişdir. Bağçada 90 uşaq təlim-tərbiyə alacaqdır. Dövlət vəsaiti hesabına təmir olunan bağça yeni inventar və avadanlıqla təchiz olunmuş, həyətində abadlıq işləri aparılmışdır.