Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalalı qadınlar rayonun ictimai-siyasi həyatında fəal rol oynayırlar.

07 mart 2013 | 16:00

Azərbaycan qadınlarının IV qurultayına hazırlıq çərçivəsində martın 6-da Zaqatala Rayon İcra Hakimiyyətində rayon qadınlarının konfransı keçirilmişdir. Konfrans iştirakçıları əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Tədbirdə rayon qadınlar təşkilatının ötən dövr ərzindəki fəaliyyətinə dair məruzə dinlənilmişdir. Bildirilmişdir ki, dünya mədəniyyət xəzinəsinə nadir incilər bəxş etmiş Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin formalaşması, inkişafı və qorunmasında qadınların müstəsna xidməti olmuşdur. Azərbaycan qadını bu gün milli dövlət quruculuğu proseslərinin, ictimai-siyasi hadisələrin fəal iştirakçısı olaraq respublikamızın sosial-iqtisadi, elmi, intellektual potensialının artırılmasına əvəzsiz töhfələr verir. Milli dəyərlərimizin daha da gücləndirilməsi, övladlarımıza Vətən və torpaq sevgisinin aşılanması qadınlarımızın varlığı ilə bilavasitə bağlıdır. Qeyd olunmuşdur ki, respublikamız dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan qadını fəallığını daha da artıraraq elm, təhsil, səhiyyə və mədəniyyət sahələrində yüksək nailiyyətlər qazanmışdır.
Konfransda bütün Azərbaycan qadınları kimi, zaqatalalı qadınların da cəmiyyətdə gedən ictimai-siyasi proseslərdə, rayonun sosial-iqtisadi və mədəni həyatında yaxından iştirak etdikləri xüsusi vurğulanmışdır.
Qeyd olunmuşdur ki, hazırda rayonda 62 mindən artıq qadın yaşayır. Onların 33 min nəfərə yaxını iqtisadi fəal qadınlardır. Rayonun təhsil, səhiyyə və mədəniyyət sahələrində ümumilikdə 5400 nəfərdən artıq qadın çalışır, 537 qadın sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Rayonda bir sıra qadın təşkilatları, o cümlədən YAP rayon təşkilatının qadınlar şurası, Ağbirçəklər Şurası fəaliyyət göstərir. Konfransda Milli Məclisin deputatı Kamilə Əliyeva çıxış edərək qadınların cəmiyyətdə mühüm rolundan danışmış, rayon qadınlarına gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
Konfransda təşkilatı məsələyə baxılmış, Səadət Dibirova rayon qadınlar təşkilatının sədri seçilmişdir. Konfransda təşkilatın yeni tərkibi, şura üzvləri, həmçinin Azərbaycan qadınlarının IV qurultayına nümayəndələr seçilmişdir.

Keçidlər