Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” tur-aksiyasına Zaqatala məktəbliləri də böyük həvəslə qoşulublar

15 mart 2019 | 16:00

Dövlətimizin başçısının təşəbbüsü və tövsiyəsi ilə artıq altıncı ildir ki, təşkil olunan “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasına “Qızılgüllər diyarı” kimi tanınan Zaqatala rayonunun məktəbliləri də böyük həvəslə qoşulublar.

Gəncə-Şəmkir-Göygöl-Tovuz-Qazax-Ağstafa marşrutu üzrə ölkənin qərb bölgəsinə ekskursiyaya yollanan məktəblilərlə bir gün öncə Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən görüşdə rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə artıq altıncı ildir uğurla davam edən tur-aksiyaların yeniyetmə və gənclərin vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasına, onların dünyagörüşünün daha da zənginləşməsinə böyük töhfə verdiyini bildirib. Vurğulanıb ki, ölkəmizin tarixini, mədəniyyətini, müstəqillik illərində qazanılan nailiyyətləri dərindən öyrənmək məqsədi daşıyan bu layihə Prezident İlham Əliyevin yetişməkdə olan gənc nəslin Vətənə məhəbbət ruhunda tərbiyə olunmasına verdiyi böyük önəmin bariz nümunəsidir. İcra hakimiyyətinin başçısı ekskursiyanın məktəblilər üçün çox faydalı olacağına, tur-aksiya iştirakçılarının ölkəmizin qərb bölgəsindən zəngin təəssüratlarla qayıdacaqlarına əminliyini ifadə edib.

Qeyd olunub ki, Azərbaycanın iqtisadiyyatında qeyri-neft sektorunun, xüsusilə aqrar sahənin böyük payı var. İndi ölkədə qeyri-neft sənayesinin inkişafına xüsusi diqqət yetirilir. Bu baxımdan məktəblilərin səfər edəcəyi qərb bölgəsinin rayonları da Zaqatala rayonu kimi, ölkə iqtisadiyyatında mühüm yer tutur.

Martın 15-də səhər saatlarında Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında böyük qələbəlik var idi. Ölkənin qərb bölgəsinə ekskursiyaya çıxan məktəbliləri yola salmaq üçün Mərkəzin qarşısına toplaşan rayonun rəhbər işçiləri, müəllim və valideynlər şagirdlərə tövsiyələrini verirdilər.

Məktəblilər əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzüb, dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər.

Zaqatala şəhər 1 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Şamil Rəhimov, Muxax kənd məktəbinin şagirdi Fədayə Vəliyeva və digər məktəblilər gənclərə belə gözəl layihə bəxş etdiyinə görə məktəblilər adından Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Rayon rəhbərliyinin, müəllim və valideynlərin xeyir-duasından sonra məktəblilər onlar üçün ayrılmış avtobusa əyləşərək Gəncə-Şəmkir-Göygöl-Tovuz-Qazax-Ağstafa marşrutu üzrə yola düşüblər.

Keçidlər