“Zaqatala - Azərbaycanın folklor paytaxtı-2013”ün təqdimat mərasimi olmuşdur
Mədəniyyət və Turizm Nazirliyinin “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” Proqramına əsasən, 2013-cü il üçün Zaqatala “Azərbaycanın folklor paytaxtı” elan olunmuşdur. Martın 5-də rayon mədəniyyət evində “Folklor paytaxtı”nın təntənəli təqdimat mərasimi keçirilmişdir. Tədbirdə rayon rəhbərliyi, ictimaiyyətin nümayəndələri, mədəniyyət işçiləri və digər qonaqlar iştirak etmişlər. Mərasim iştirakçıları əvvəlcə mədəniyyət evinin foyesində rayonun folklor nümunələri və el sənətkarlarının əl işlərindən ibarət sərgiyə baxmışlar. Rayon uşaq incəsənət məktəbinin və mədəniyyət müəssisələrinin folklor kollektivləri maraqlı konsert proqramı ilə çıxış etmişlər. Zaqatala rayon mədəniyyət və turizm şöbəsinin müdiri Zümrüd Ağakişiyeva “Xalq Yaradıcılığı Paytaxtları” Proqramının Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması və təbliğ olunması, xalq tətbiqi sənətinin daha da inkişaf etdirilməsi, “paytaxt” seçilmiş şəhərlərin turizm potensialının genişləndirilməsi, beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm əhəmiyyət daşıdığını bildirmişdir. İl çərçivəsində rayonda həyata keçiriləcək tədbirlər barədə məlumat verilmişdir. Qeyd olunmuşdur ki, Zaqatalanın “Azərbaycanın folklor paytaxtı” elan edilməsi rayonun milli mənəvi dəyərlərinə, folkloruna verilən yüksək qiymət və etimaddır. İl çərçivəsində rayonda silsilə tədbirlərin, respublika və beynəlxalq səviyyəli konfransların, festivalların, konsertlərin, sərgilərin keçirilməsi nəzərdə tutulmuşdur. Mərasimdə qeyd olunmuşdur ki, şübhəsiz ki, paytaxt nominasiyası proqramı Zaqatalada folklor nümunələrinin üzə çıxarılmasında, qorunmasında, gələcək nəsillərə ötürülməsində, geniş miqyasda təbliğ olunmasında mühüm rol oynayacaqdır. Rayonun folklor nümunələrini əks etdirən filmin nümayişindən sonra Zaqatalanın “Azərbaycanın folklor paytaxtı” elan edilməsi ilə bağlı hazırlanmış xatirə kuboku tədbir iştirakçılarına təqdim olunmuşdur.