Zaqatalada tibbi müayinədən keçənlərin 493 nəfərinə ambulator müalicə təyin edilib
Ölkə vətəndaşlarının kütləvi tibbi müayinə aksiyası Zaqatala rayonunda da uğurla icra olunur. Üç ay davam edəcək aksiya çərçivəsində rayon üzrə 18 yaşdan yuxarı 77 mindən çox sakinin tibbi müayinədən keçirilməsi nəzərdə tutulur. Fevralın 12-də başlanan aksiyanın ilk həftəsində 6 min 377 sakin müayinədən keçərək öz sağlamlıqları barədə məlumat əldə ediblər.
Müayinələr rayonun 5 tibb müəssisəsində - Rayon Mərkəzi Xəstəxanası, Müalicə Diaqnostika Mərkəzi, Əliabad qəsəbə, Danaçı və Yeni Suvagil kənd xəstəxanalarında əvvəlcədən müəyyənləşdirilmiş cədvəl əsasında keçirilir. Müayinələrə yüksəkixtisaslı həkim və orta tibb işçiləri cəlb olunub. Bundan əlavə, səyyar həkim briqadası hərbi hissələrdə xidmət edən əsgər və zabitlərə, həmçinin xəstəxanalara gələ bilməyən xəstə və yaşlı insanlara evlərində xidmət göstərir.
Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, bu günədək müayinədən keçənlərin 493 nəfərinə ambulator müalicə təyin edilib, 8 nəfər isə stasionar müalicəyə cəlb olunub.
Müayinələrin keçirildiyi mərkəzi xəstəxananın konsultativ poliklinika şöbəsinə hər gün yüzlərlə sakin müraciət edir. İnsanlar bu imkandan maksimum yararlanmaq istəyirlər.
Poliklinikanın müdiri Məmmədrəsul Teyyubov bildirib ki, müayinə olunanlar arasında mövsümlə əlaqədar yuxarı tənəffüs orqanlarının kəskin respirator, həmçinin ürək-damar, qan təzyiqi və revmatik xəstəliklərdən əziyyət çəkənlər çoxluq təşkil edir. Belə xəstələrə lazımi məsləhətlər verilir, müalicə təyin edilir.