20 Yanvar şəhidlərinin xatirəsi Zaqatalada böyük ehtiramla anılıb
20 Yanvar xalqımızın azadlıq mübarizəsi tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. Həmin gün öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Azərbaycan xalqı öz qəhrəman övladlarının fədakarlığını həmişə yüksək qiymətləndirir, müstəqilliyə və azadlığa qovuşmaq üçün canlarından keçən qəhrəman Vətən övladları ilə daim fəxr edir.
Bu fikirlər 20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümü ilə əlaqədar yanvarın 19-da Zaqatala şəhərində keçirilən ümumrayon anım tədbirində səsləndirilib.
Rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri əvvəlcə şəhidlərin xatirəsinə ucaldılan abidənin önünə qırmızı qərənfillər düzüb, Vətənimizin azadlığı uğrunda şəhid olan qəhrəman oğul və qızlarımızın xatirəsini ehtiramla yad ediblər.
Anım tədbirində çıxış edən rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 20 Yanvarın xalqımızın qəhrəmanlıq salnaməsi, fəxarət və şərəf günü olduğunu bildirib. Qeyd olunub ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə ərazi bütövlüyünə qarşı yönəlmiş təcavüzə etiraz edən, müstəqillik ideyaları uğrunda mücadilə aparan Azərbaycan xalqının inam və iradəsini qırmaq məqsədilə sovet rejiminin həyata keçirdiyi terror aktı nəticəsində bəşər tarixində insanlığa qarşı ən qanlı cinayətlərdən biri törədilib.
Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin sovet imperiyasının bütün qadağalarına baxmayaraq, yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək xalqımıza qarşı törədilmiş bu qanlı cinayətlərin təşkilatçılarını və iştirakçılarını pisləməsi, bəyanat verməsi xalqımızın haqq səsini müdafiə edən və onun köməksiz olmadığını bütün dünyaya yayan çox cəsarətli bir addım idi. Məhz Ulu Öndərin yenidən hakimiyyətə qayıdışından sonra 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilib, qanlı faciənin bütün dünyaya tanıdılması istiqamətində məqsədyönlü iş aparılıb. Hazırda bu siyasi xətt Prezident İlham Əliyev tərəfindən davam etdirilir. 20 Yanvar şəhidlərinin ailə üzvlərinə, faciə zamanı əlil olanlara dövlətimiz tərəfindən xüsusi diqqət və qayğı göstərilir.
Daha sonra ümumrayon anım tədbiri rayonun Muxax və Qımır kəndlərində əsaslı təmir olunan şəhid xatirə komplekslərinin önündə davam etdirilib. Mərasimlərdə şəhid ailələrinin üzvləri çıxış edərək, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər. Çıxış edənlər Ali Baş Komandanın əmri ilə Vətənimizin ərazi bütövlüyü uğrunda yenidən döyüşməyə, işğal altında olan torpaqlarımızı mənfur düşməndən təmizləməyə hər an hazır olduqlarını vurğulayıblar.