Zaqatalada Xocalı faciəsinin ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir
İnsanlığa qarşı ən qəddar və amansız kütləvi terror hadisələrindən olan Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı Zaqatala rayonunda silsilə tədbirlər bir neçə gündür davam edir. Fevralın 26-da rayonda fəaliyyət göstərən ali, orta ixtisas və ümumtəhsil məktəblərinin tələbə və şagirdləri, YAP rayon təşkilatı gənclər birliyinin üzvləri Zaqatala şəhərindəki Dədə Qorqud meydanından “Azərbaycanlıların soyqırımı” abidəsinə kimi yürüş keçirmişlər. Yürüş iştirakçıları əllərində tutduqları şüar və plakatlarda Xocalı qətliamının səbəbkarlarına sonsuz qəzəb və nifrət hisslərini ifadə etmiş, terroru dəstəkləyənləri lənətləmişlər. Marşrut boyu yürüş iştirakçılarının sıralarına yüzlərlə gənc qoşulmuşdur. Daha sonra rayon mədəniyyət evində Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar ümumrayon tədbiri keçirilmişdir.
Tədbirdən öncə rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri şəhidlərin xatirəsinə ucaldılmış abidə-kompleksin önünə gül-çiçək düzmüş, mədəniyyət evinin foyesində məktəblilərin Xocalı mövzusunda çəkdikləri rəsm əsərlərindən ibarət sərgiyə baxmışlar. Xocalı faciəsinin dəhşətlərini əks etdirən sənədli film nümayiş etdirilmişdir. Tədbirdə çıxış edənlər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verənləri insanlığa qarşı yönəlmiş amansız soyqırımı kimi qiymətləndirmiş, bu qətliamın erməni millətçilərinin Azərbaycan xalqına qarşı yürütdüyü etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu bildirmişlər. Qeyd olunmuşdur ki, hazırda Xocalı qətliamı ilə bağlı həqiqətlərin dünya birliyinə çatdırılması istiqamətində ölkə rəhbərliyi və Heydər Əliyev Fondu tərəfindən məqsədyönlü iş aparılır. Bu təbliğatın nəticəsidir ki, Xocalı faciəsi artıq dünyanın bir sıra ölkələrində qeyd olunur. Tədbirin sonunda məktəblilərin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir. Həmin gün rayonda məskunlaşmış Xocalıdan olan məcburi köçkün ailələrinə maddi yardım göstərilmişdir.