Bayram yarmarkasında məhsullar alıcılara bazardakından 15-20 faiz ucuz qiymətə təklif olunur
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi münasibətilə dekabrın 28-də Zaqatala şəhərinin mərkəzi küçələrindən birində, sakinlərin gediş-gəlişinin sıx olduğu yerdə bayram satış yarmarkası fəaliyyətə başlayıb.
Rayon icra hakimiyyətinin təşəbbüsü ilə təşkil edilən yarmarka bayram ərəfəsində əhalinin ərzaq və kənd təsərrüfatı məhsullarına tələbatının daha dolğun ödənilməsi və süni qiymət artımının qarşısının alınması məqsədi daşıyır.
Yarmarkada əsasən, rayonda istehsal olunan ət və süd məhsulları, balıq, quş əti, yumurta, meyvə-tərəvəz, bayram çərəzləri satışa çıxarılıb. Məhsullar alıcılara bazardakından 15-20 faiz ucuz qiymətə təklif olunur. Məsələn, bazarda mal ətinin bir kiloqramının qiyməti 10-11 manat olduğu halda, yarmarkada 8-9 manata satılır. Bazarda kiloqramı 6-7 manata satılan balıq yarmarkada növündən asılı olaraq kiloqramı 4-5 manatadır. Kartofun bir kiloqramı alıcılara 50-55-yə, soğanın kiloqramı isə 40 qəpiyə təklif olunur. Alma, heyva, nar, sitrus meyvələri və digər məhsullar da bazardakından xeyli ucuz qiymətə satılır.
Alıcılar yaradılan şəraitdən, məhsulların keyfiyyəti və qiymətlərdən razı qaldıqlarını bildiriblər.
Bayram satış yarmarkası iki gün davam edəcək. Dekabrın 29-30-da rayonun iri yaşayış məntəqələrindən olan Əliabad qəsəbəsində də bayram satış yarmarkası təşkil olunacaq.