Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala şəhərində daha bir xeyir-şər evi istifadəyə verilib

25 dekabr 2018 | 16:00

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində Zaqatala şəhərinin Sülh küçəsində “Abad həyət” layihəsi çərçivəsində daha bir xeyir-şər evi sakinlərin istifadəsinə verilib.

Bu münasibətlə keçirilən mərasimdə 150 yerlik xeyir-şər evinin ərazidə yerləşən dörd çoxmənzilli binada yaşayan 200-dək ailəyə xidmət göstərəcəyi bildirilib. Layihə çərçivəsində ictimai binaların həyətində bir hektara yaxın sahədə abadlıq, təmir və yaşıllaşdırma işləri aparılıb, idman və uşaq oyun meydançaları, söhbətgahlar, avtomobillər üçün parklanma yerləri inşa edilib. Həmçinin yeni transformator yarımstansiyası, suvarma və işıqlandırma sistemləri quraşdırılıb, məhəllədaxili avtomobil yollarına və keçidlərə üç min kvadratmetrlik asfalt salınıb.

Mərasimdə rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxış edərək məhəllə sakinlərini əlamətdar bayramlar münasibətilə təbrik edib, yeni istifadəyə verilən xeyir-şər evində ancaq toy-nişan mərasimlərinin keçirilməsini arzulayıb. Bildirilib ki, bu, son illər Zaqatala şəhərində istifadəyə verilən dördüncü xeyir-şər evidir.

Məhəllə sakinləri əhalinin həyat və yaşayış səviyyəsinin yaxşılaşdırılmasına yönələn belə tədbirləri razılıqla qarşılayaraq, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq ediblər.

Sonra tədbir iştirakçıları “Abad həyət” layihəsi çərçivəsində görülən işlərlə tanış olublar.

Keçidlər