Zaqatalanın Bəhmətli kəndinin sakinlərinə bayram hədiyyəsi
Zaqatala rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Dekabrın 24-də rayonun Bəhmətli kəndinə ilk dəfə təbii qaz verilib.
1030 fərdi evdən ibarət olan kəndin qazlaşdırılması üçün 41 min 306 metr polad və polietilen borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. Yeni qazlaşdırılan yaşayış məntəqəsində qaz şəbəkəsinin qurulmasında birpilləli tənzimləmə sistemi tətbiq edilib. Bu, hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına imkan verir.
Bu münasibətlə keçirilən mərasimdə ölkə əhalisinin təbii qazla təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən bəhs edilib.
Kənd sakinləri əhalinin sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirib, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində kəndə “mavi yanacağ”ın verilməsinin onlar üçün çox dəyərli bayram hədiyyəsi olduğunu deyiblər.
Sonra qaz xəttinin açılışını bildirən məşəl alovlandırılıb.