Zaqatalanın Lahıc kəndi qazlaşdırılıb
Dekabrın 13-də Zaqatala rayonunun Lahıc kəndinə ilk dəfə təbii qazın verilməsi münasibətilə tədbir keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bildirilib ki, ümumilikdə 455 fərdi evdən ibarət olan kəndin qazlaşdırılması üçün “birpilləli” sistem əsasında ümumi uzunluğu 24 min 751 metr müxtəlif diametrli metal və polietilen borularla daşıyıcı, paylayıcı qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “birpilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.
Sakinlər yaşayış məntəqəsinə təbii qazın verilməsinə görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildiriblər.