Şriftin ölçüsü :

Saytın rəngi :

Mədəniyyət işçisinin müasir peşə səriştələrinin artırılması Zaqatalada keçirilən seminarın əsas müzakirə mövzusu olub

03 dekabr 2018 | 16:00

Dekabrın 3-də Zaqatala rayonunun Yeni Suvagil kənd mədəniyyət evində “Mədəniyyət işçisinin müasir peşə səriştələri” adlı beynəlxalq təlim-seminar keçirilib. Seminarda mədəniyyət işçiləri arasında təşəbbüskarlıq və yaradıcı keyfiyyətlərin inkişafı, əhalinin mədəniyyət müəssisələrinə marağının artırılması, kitab oxuma vərdişlərinin, yeni peşə səriştələrinin formalaşdırılması, mədəniyyət ocaqlarının rayonların sosial-iqtisadi inkişafında rolu ilə bağlı məsələlər müzakirə olunub.

Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin və Şəki Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən seminarda nazirliyin və Elmi-Metodiki Mərkəzin rəsmiləri, həmçinin Belarusun Mogilyov vilayətindən gəlmiş mütəxəssislər iştirak ediblər.

Belaruslu qonaqlar əvvəlcə Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Sonra qonaqlar Yeni Suvagil kəndinə gedərək, mədəniyyət evinin qarşısında özfəaliyyət kollektivlərinin hazırladığı konsert proqramını izləyib, foyedə təşkil edilən sərgi ilə tanış olublar.

Tədbirdə Şəki Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Xatirə Səlimli çıxış edərək qonaqları salamlayıb, seminarın işinə uğurlar arzulayıb.

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev, Mogilyov vilayətinin Xalq yaradıcılığı və mədəni-maarif işi üzrə metodiki mərkəzinin direktoru Oleq Xmelkov və şöbə müdiri Valentina Volskova mövzu ilə bağlı çıxışlar ediblər.

Diskussiya şəraitində davam edən seminarın sonunda Mədəniyyət Nazirliyinin rəsmiləri və belaruslu qonaqlar tədbir iştirakçılarının suallarını cavablandırıblar.

Keçidlər