Şriftin ölçüsü :

Saytın rəngi :

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Zaqatala və Balakən rayonlarında zəlzələdən zərər çəkmiş əhali ilə görüşmüşdür

12 yanvar 2013 | 16:00

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov ötən ilin mayında və oktyabrında şimal-qərb bölgəsində baş vermiş zəlzələlərin nəticələrinin aradan qaldırılması istiqamətində həyata keçirilən kompleks tədbirlərlə tanış olmaq məqsədi ilə fevralın 12-də Zaqatala və Balakən rayonlarında olmuşdur. Nazir Kəmaləddin Heydərov Zaqatala rayonunun Gözbarax, Mamrux, Çobankol, habelə Balakən rayonunun Hənifə kəndlərində zəlzələdən zərər çəkmiş əhali ilə görüşmüş, onların problemləri ilə maraqlanmış, şikayətlərini dinləmişdir. Fövqəladə hallar naziri zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı tədbirlərin Prezident İlham Əliyevin daim diqqət mərkəzində saxlandığını, bu məqsədlə dövlət büdcəsindən lazımi miqdarda vəsaitin ayrıldığını, zəlzələ bölgəsində böyük miqyasda tikinti işlərinin aparıldığını diqqətə çatdırmışdır.
Nazir müvafiq komissiyaların rəyinə əsasən, evlərinin bərpa və gücləndirmə tədbirlərinin aparılmasına ehtiyacı olduğu müəyyənləşdirilən sakinlərin şikayətlərini dinləmiş, belə evlərə təkrar baxışların keçirilməsi üçün nazirliyin bu işə məsul nümayəndələrinə müvafiq tapşırıqlarını vermişdir.
Sonra fövqəladə hallar naziri rayon rəsmiləri və podratçı tikinti təşkilatlarının rəhbərləri ilə birlikdə sakinlərin evlərinə baxış keçirmişdir.
Səfərin yekunları ilə bağlı jurnalistlərə müsahibə verən fövqəladə hallar naziri Kəmaləddin Heydərov demişdir: “Bu gün biz Zaqatala və Balakən rayonlarının bir neçə kəndində olduq. Bu kəndlərdə evlərin çoxu artıq tikilib təhvil verilmişdir. Təbii ki, bəzi sakinlər təmir-bərpa işlərinə ehtiyacı olduğu müəyyənləşdirilən evlərin sökülüb təzədən tikilməsini istəyirlər. Biz də gedib bir neçə evə baxdıq, gördük ki, həqiqətən də komissiyalar öz işlərini düzgün aparmışlar. Biz o sakinləri də başa düşürük. Təbii ki, onlar da istəyirlər ki, evləri yaraşıqlı olsun. Amma fakt budur ki, bu evlər uçmayıb, qəzalı deyildir. Qəzalı olmayan evlərin bərpası üçün də dövlət müəyyən vəsait ayırmışdır. Həmin vəsait həm kvadratmetrə, həm də dəymiş ziyana görə hesablanmışdır. Yəni, onlar ayrılan vəsaitlə işlərini tam başa çatdıra bilərlər”.
Fövqəladə hallar naziri bildirmişdir ki, həm mayın 7-si və 18-də, həm də ondan sonra, oktyabrda Gürcüstan ərazisində olan zəlzələdən sonra bu müraciətlər təbiidir. Çünki zəlzələ vaxtı ola bilsin ki, evlər silkələnsin, uçmasın, amma sonra qarın, yağışın təsirindən uçsun. Sakinlərin müraciətləri əsasında komissiyalar demək olar ki, iki, üç dəfə təkrarən bu kəndlərdə olmuşlar. Budəfəki gəlişimizdə də biz əhalinin müraciətlərini bir daha nəzərdən keçiririk. Dünən biz qərar vermişik ki, bu komissiyaların sayı çoxalsın və onlar son müraciətlərə təkrar baxsınlar. Görsünlər ki, doğrudanmı da elə fəsadlar vardır və ya müraciətlər sakinin öz xahişi və iddiasına görə edilmişdir? Bütün bunlar tezliklə müəyyənləşəcəkdir.
Nazir daha sonra demişdir: “Bəzən bizim insanlar problemləri biri-birinə qarışdırırlar. Fövqəladə Hallar Nazirliyinin gördüyü işlərin əsas məqsədi zəlzələdən zərər çəkmiş əhalinin evlərində olan problemləri aradan qaldırmaqdır. Lakin elə evlər, elə obyektlər vardır ki, onlar zəlzələdən deyil, digər səbəbdən və başqa vaxtlarda ziyan görmüşlər. Onların tikintisi zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı imzalanmış Sərəncamda nəzərdə tutulmamışdır. Əlil və şəhid ailələrinin, kimsəsiz şəxslərin, başqa problemlərdən əziyyət çəkən insanların mənzil-məişət və sosial problemlərinin həlli digər fərman və sərəncamlarla, ayrı vəsaitlərlə həll olunur. Fövqəladə Hallar Nazirliyinin gördüyü iş isə sırf ötən ilin mayında baş vermiş zəlzələdən sonrakı fəsadları aradan qaldırmaqdan ibarətdir. Bu günə demək olar ki, oktyabrda Balakəndə baş vermiş zəlzələ istisna olunmaqla, qəzalı evlərin böyük hissəsi tikilib istifadəyə verilmişdir. İndiki komissiyalar ilk zəlzələdən sonrakı araşdırmaları bir daha aparacaqlar. Oktyabrdakı zəlzələdən sonrakı qəzalı evlərin təxmini siyahısı məlumdur və əhalinin müraciətləri nəzərə alınaraq komissiyalar bir daha araşdırmalar aparacaqlar. Artıq qəzalı evlərin tikintisinə başlanılacaqdır. Çünki vəsait artıq ayrılmışdır”. Kəmaləddin Heydərov sonda demişdir: “Mətbuat vasitəsilə əhalidən xahişimiz odur ki, onlar bərpa və gücləndirmə üçün ayrılmış vəsaitlə tikinti işlərini əgər özlərinin tanıdıqları inşaatçılar yoxdursa, təbii fəlakət bölgəsində işləyən inşaat şirkətləri ilə müqavilə əsasında həyata keçirsinlər. Bu məsələdə işlərin dəqiq və sosial ədalət prinsiplərinə uyğun aparılacağına heç kimin şübhəsi olmasın. Çünki tikinti şirkəti komissiyaların yazdığı fəsadları qəbul edir və o işi görür. Nazirlik tərəfindən ayrılan vəsait isə bu fəsadlar nəzərə alınmaqla hesablanmışdır ”.

Keçidlər