Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada Konstitusiya Məhkəməsi tərəfindən keçirilən hüquq olimpiadasının qalibləri mükafatlandırılıb

09 noyabr 2018 | 16:00

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən Şəki, Qax, Zaqatala və Balakən rayonlarının ali və orta məktəblərinin tələbələri və yuxarı sinif şagirdləri arasında keçirilən, 12 noyabr - Konstitusiya Gününə həsr olunmuş “Hüquqi dövlətin əsasları” mövzusunda hüquq olimpiadasına yekun vurulub.

Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində olimpiada qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə Konstitusiya Məhkəməsi Aparatının əməkdaşları, rayon rəhbərliyi, ali və orta təhsil müəssisələrinin müəllim, tələbə və şagird kollektivləri iştirak ediblər.

Tədbirdə çıxış edən Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə 23 il əvvəl ümumxalq səsverməsi yolu ilə qəbul olunan ilk milli Konstitusiyanın dövlətçiliyimizin formalaşması və inkişafında böyük əhəmiyyəti olduğunu bildirib. Qeyd olunub ki, ilk milli Konstitusiyanın qəbulundan ötən müddət ərzində Azərbaycanda insan hüquq və azadlıqları tam bərqərar olub, demokratik və hüquqi dövlət quruculuğu sahəsində böyük uğurlar qazanılıb, mühüm qanunvericilik aktları qəbul edilib.

İcra hakimiyyətinin başçısı hüquq olimpiadasının Zaqatala rayonunda təşkilinə görə Konstitusiya Məhkəməsinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirib.

Tədbirdə rayon icra hakimiyyətinin hüquq şöbəsinin müdiri Eldar Mustafayev “Hüquqi dövlətin əsasları” mövzusunda çıxış edib. Bildirilib ki, Azərbaycanın yeni Konstitusiyası beynəlxalq hüquq normalarına uyğun, insan hüquq və azadlıqlarına geniş yer ayıran və dövlətçiliyimizin möhkəmləndirilməsinə xidmət edən mükəmməl normativ-hüquqi sənəddir.

Konstitusiya Məhkəməsinin konstitusiya hüququ şöbəsinin müdiri Dürdanə Məmmədova Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin müraciətini iştirakçıların diqqətinə çatdırıb.

Bildirilib ki, müstəqil dövlətimizin ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilib. Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu ilk milli Konstitusiyanın qəbulu müasir tariximizin ən mühüm hadisəsi olmaqla yanaşı, həm də Ulu Öndərin Azərbaycan dövlətçiliyi qarşısında əvəzsiz xidmətlərindən biridir.

Qeyd olunub ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında 2006-cı il 28 dekabr tarixli və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın təsdiq edilməsi haqqında 2011-ci il 27 dekabr tarixli sərəncamlarından sonra ali və orta təhsil müəssisələrinin tələbələri və şagirdləri arasında ənənəvi olaraq hüquq olimpiadalarının keçirilməsi geniş vüsət alaraq daha da məzmunlu və əhatəli şəkildə təşkil olunub.

Ulu Öndərin müdrik dövlətçilik siyasətinin Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilməsi sayəsində Azərbaycan dövlətinin tərəqqisi və qüdrəti daha da artıb, yüksək rəqabətli iqtisadiyyatın qurulması mümkün olub, ölkəmiz regionun aparıcı dövlətinə və dünya miqyasında etibarlı tərəfdaşa çevrilib. Ölkəmizdə aparılan bütün islahatlar, istər siyasi-iqtisadi, istər hüquqi islahatların həyata keçirilməsi Azərbaycan dövləti qarşısında duran mühüm vəzifələrdən biri olan qanunların aliliyinin, insan və vətəndaş hüquqlarının və əsas azadlıqlarının təmin edilməsi məqsədini daşıyır.

Hüquq olimpiadasının nəticələrini elan edən Dürdanə Məmmədova bildirib ki, builki olimpiadada Şəki və Zaqatalada fəaliyyət göstərən 2 universitet filialının, 3 kollecin tələbələri, Şəki, Qax, Zaqatala və Balakən rayonlarının hər birindən 7 məktəb olmaqla, ümumilikdə, 28 ümumtəhsil müəssisəsinin yuxarı sinif şagirdləri iştirak ediblər. Olimpiadada şagirdlərə Azərbaycan Respublikasının Konstitusiyasını əhatə edən 50 sual təqdim olunub. Hər düzgün cavab 2 balla qiymətləndirilib. Universitet filialları arasında olimpiada bu ali təhsil müəssisələrinin öz daxilində keçirilib.

Olimpiadanın nəticələrinə əsasən, kolleclər arasında Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecinin tələbələri birinci yerə çıxıblar. Şəki Dövlət Regional və Şəki Dövlət Texniki kollecləri müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.

Orta təhsil müəssisələri arasında rayonlararası müsabiqədə Balakən məktəbliləri daha yüksək nəticə göstərərək hüquq olimpiadasının qalibi adını qazanıblar. Sonrakı yerləri Zaqatala və Qax məktəblərinin şagirdləri tutublar. Ayrı-ayrı rayonların öz daxilində keçirilən müsabiqələrdə isə Balakən rayonu humanitar və texniki təmayüllü liseyin, Zaqatala rayonu humanitar fənlər gimnaziyasının, Qax rayonu Almalı kənd və Şəki şəhər 10 saylı tam orta məktəblərin təmsilçiləri birinci yerə layiq görülüblər.

Diqqətə çatdırılıb ki, Konstitusiya Məhkəməsinin keçirdiyi hüquq olimpiadaları tarixində ilk dəfə olaraq iştirakçılardan biri – Balakən rayonu humanitar və texniki təmayüllü liseyin şagirdi Nihat Şimdiyev bütün sualları doğru cavablandıraraq 100 bal toplamağa müvəffəq olub.

Tədbirin sonunda olimpiadanın qaliblərinə və yüksək bal toplayaraq fərqlənmiş şagirdlərə Konstitusiya Məhkəməsinin təsis etdiyi kubok, diplom və xatirə hədiyyələri təqdim olunub.

Keçidlər