Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada fındıq bağlarının sahəsi 18,5 min hektara çatdırılıb

19 oktyabr 2018 | 16:00

Bu ilin doqquz ayında Zaqatala rayonunda aqrar sahədə məhsul istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 faiz artaraq, 107 milyon 71 min manat olub. Hesabat dövründə rayonun kənd təsərrüfatı üçün ənənəvi olan tütünçülük, baramaçılıq və fındıqçılığın inkişaf etdirilməsinə xüsusi diqqət yetirilib. Builki mövsümdə zaqatalalı fermerlər 750,3 hektar sahədə tütün yetişdiriblər. Tütün əkini, bitkinin becərilməsi və məhsul yığımı işlərinə, ümumilikdə, 2265 nəfər mövsümi işçi cəlb olunub. Hazırda tütün sahələrində məhsul yığımı davam edir. Bu günədək rayonda 407 ton quru tütün istehsal olunub.

Bu barədə 2018-ci ilin doqquz ayının yekunları ilə bağlı oktyabrın 19-da Zaqatala Rayon İcra Hakimiyyətində keçirilən yığıncaqda məlumat verilib.

Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin hesabat məruzəsində bildirilib ki, Prezident İlham Əliyevin ixracyönümlü istehsal, emal və infrastruktur müəssisələrinin yaradılması və inkişaf etdirilməsi istiqamətində verdiyi tapşırıqların icrasını təmin etmək məqsədilə Zaqatala rayonunda zəruri tədbirlər davam etdirilir. Belə ki, rayon üçün ənənəvi və ixrac potensialı yüksək sahələrdən biri olan gülçülüyün inkişaf etdirilməsi üçün iki il əvvəl Aşağı Tala kəndi ərazisində “AzRose” MMC tərəfindən gül plantasiyasının salınmasına başlanılıb və artıq cari ildə müəssisənin bar verən 64 hektar “Dəməşq qızılgülü” və 35 hektar “Lavanda” gülü plantasiyalarından tədarük edilmiş gül ləçəklərindən 38 kiloqram qızılgül və 262 kiloqram “Lavanda” gülü yağı istehsal edilib.

Bildirilib ki, builki mövsümdə rayonun kümçüləri 48,1 ton, yəni proqnozda nəzərdə tutulduğundan 8,1 ton çox yaş barama istehsal edərək “Azəripək” MMC-yə təhvil veriblər. Cari ildə 233 nəfər barama istehsalçısına dövlət büdcəsinin vəsaiti hesabına 234 min 735 manat subsidiya ödənilib.

İxrac potensialı yüksək sahələrdən olan fındıqçılığı inkişaf etdirmək məqsədilə bu ilin yaz mövsümündə 352 hektar sahədə yeni fındıq bağları salınaraq, mövcud bağların sahəsi 18 min 503,5 hektara çatdırılıb.

Builki mövsümdə rayonun fermerləri 10 min 933 hektar payızlıq taxıl sahəsindən 35 min 978 ton məhsul götürüblər. Cari ildə 14 min 680 hektar əkin sahəsinin becərilməsinə görə 8 min 62 nəfər istehsalçıya 976 min manat dövlət yardımı verilib, fermer təsərrüfatlarına güzəştli qaydada 815,9 ton mineral gübrələr və 886 litr pestisidlər satılıb.

Diqqətə çatdırılıb ki, 2018-ci ilin 9 ayı ərzində rayonda bütün maliyyə mənbələri hesabına 18 milyon 362 min manat həcmində tikinti-quruculuq və abadlıq işləri görülüb. Rayonun yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması ilə bağlı Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə ayrılmış vəsait hesabına Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin yenidən qurulması işləri başa çatdırılıb. Eyni zamanda, Əliabad-Muğanlı-Faldarlı-Qandax-Yengiyan-Əliabad avtomobil yolunun və Yevlax-Zaqatala-Gürcüstan ilə Dövlət sərhədi avtomobil yolunun Zaqatala-Balakən-Mazımçay hissəsinin əsaslı təmiri və yenidən qurulması işləri davam etdirilib. Zaqatala-Dəmir yolu stansiyası-Üçüncü Tala-Dağlı-Muğanlı avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb.

Müşavirədə, həmçinin cari ilin doqquz ayında əhalinin elektrik enerjisi, təbii qaz, içməli su və digər xidmətlərlə təminatının yaxşılaşdırılması, vətəndaşların ərizə və şikayətlərinə baxılması sahəsində görülən işlər ətraflı təhlil olunub.

Keçidlər