Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalalı sahibkarlar biznes imkanlarının genişləndirilməsi barədə maarifləndirilib

06 oktyabr 2018 | 16:00

Sahibkarlar arasında “Birgə biznes modeli”nin qurulması, ortaq biznesin yaradılması aktual məsələlərdəndir.

Bu fikir İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Regionlarda sahibkarların biznes imkanlarının genişləndirilməsi üçün tədbirlərin təşkili” layihəsi çərçivəsində Zaqatala şəhərində sahibkarlarla keçirdiyi seminarda səsləndirilib.

Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayonda fəaliyyət göstərən fındıqçılıq, arıçılıq, meyvəçilik təsərrüfatlarının rəhbərləri, yerli sahibkarlar, bələdiyyə qurumlarının nümayəndələri iştirak ediblər.

Məlumat verilib ki, seminarın keçirilməsində əsas məqsəd 2016-cı ildə qəbul olunmuş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə sahibkarlığın inkişafı ilə bağlı məsələlərə dəstək göstərməkdən, regionlarda yaşayan sahibkarları bu mövzular ətrafında maarifləndirməkdən ibarətdir.

Tədbirdə ictimai birliyin sədri Ruslan Atakişiyev və ekspert Radil Fətullayev iştirakçılara “Birgə biznes modeli”nin üstünlükləri və formaları, “Birgə fəaliyyət”in qanunvericilikdəki əsası, sənədləşdirilməsi, uçotu və hesabatı barədə ətraflı məlumat veriblər.

Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər