Zaqatalada Yaponiya hökumətinin dəstəyi ilə yeni layihə həyata keçiriləcəkdir
Fevralın 8-də Zaqatala Rayon İcra Hakimiyyətində Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində həyata keçiriləcək “Zaqatala rayonunun Qəbizdərə və Lahıc kəndlərinin içməli su təchizatının təkmilləşdirilməsi” layihəsi üzrə qrant müqaviləsinin imzalanma mərasimi keçirilmişdir. Mərasimdə iştirak edən Yaponiyanın Azərbaycandakı səfiri Şusuke Vatanabe və rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə tədbirdən əvvəl layihə ilə bağlı ilkin hazırlıq işləri ilə yerində tanış olmaq məqsədilə Qəbizdərə və Lahıc kəndlərində olmuş, sakinlərlə görüşmüşlər. Mərasimdə qeyd olunmuşdur ki, Yaponiyanın ölkəmizdəki səfirliyi ilə Zaqatala Rayon İcra Hakimiyyəti arasında əməkdaşlıq 6 ildir uğurla davam edir. Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində indiyədək Zaqatala rayonunda təhsil, səhiyyə və ekologiya sahələrini əhatə edən 4 layihə reallaşmışdır. Bu gün imzalanacaq layihə sayca beşincidir.
Səfir Şusuke Vatanabe ötən ilin mayında baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində Azərbaycan dövləti tərəfindən zəlzələ bölgəsində, o cümlədən Zaqatala rayonunda böyük işlərin görüldüyünü xüsusi vurğulamışdır. Səfir gələcəkdə zəlzələdən zərər çəkmiş ərazilərdə səhiyyə və təhsil sahələri ilə də bağlı layihələrin həyata keçirilməsi üçün müvafiq işlərin görüləcəyini bildirmişdir.
Bildirilmişdir ki, imzalanan layihənin əsas məqsədi hər iki kəndin içməli su təchizatını yaxşılaşdırmaqdır. Layihədən 3 min nəfərdən artıq sakin faydalanacaqdır. Layihənin ümumi məbləği 123 min 403 ABŞ dollarıdır.
Sonra səfir Şusuke Vatanabe və “Azərbaycan icma inkişafı, tədqiqat, təlim və resurs mərkəzi”nin icraçı direktoru Yasin Dadaşov yeni layihəni imzalamışlar.