Zaqatalanın tütün qəbulu məntəqəsinə hər gün fermerlərdən 60 tonadək yaşıl tütün kütləsi daxil olur
Tütünçülük respublikamızın şimal-qərb bölgəsi rayonlarının iqtisadiyyatında aparıcı yerlərdən birini tutur. Hələ sovet dövründə Azərbaycanda istehsal olunan tütünün böyük hissəsi bu bölgənin payına düşürdü. Bu sahəyə maraq ildən-ilə azalsa da, Prezident İlham Əliyevin regionlarda iqtisadiyyatın, xüsusilə kənd təsərrüfatının ənənəvi sahələrinin dirçəldilməsi ilə bağlı verdiyi tapşırıq və göstərişlərin nəticəsi olaraq, son dövrlər bu rayonlarda tütünçülüyün inkişaf etdirilməsi istiqamətində böyük işlər görülüb.
Qeyd edək ki, respublikamızda tütünçülüyün inkişafında maraqlı olan “Azərtütün” MMC tərəfindən 2018-ci ildə respublikamızın şimal-qərb bölgəsi rayonlarında 2300 hektar sahədə “Virciniya” növlü ətirli tütün əkilib. Havaların tütünçülük üçün əlverişli keçməsi, həmçinin həyata keçirilən yüksək aqrotexniki tədbirlər nəticəsində bu il tütün sahələrində bol məhsul yetişib. Cari mövsümdə sahələrdən 20-23 min ton yaşıl tütün kütləsinin tədarük olunması və ya 3500 tona yaxın quru tütünün istehsal edilməsi proqnozlaşdırılır.
Hazırda təsərrüfatlarda tütün yığımının qızğın çağıdır. Cəmiyyətin Şəki, Qax, Zaqatala və Balakən rayonlarında fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqələrinə hər gün qurudulmaq üçün 150-200 tonadək yaşıl tütün kütləsi daxil olur.