Zaqatala məktəbliləri ötən tədris ilində fənn olimpiadaları və müsabiqələrdə 36 mükafat qazanıblar
Ali məktəblərə builki qəbul imtahanlarının nəticələri Zaqatala rayonunun məzunları üçün uğurlu olub. Belə ki, imtahanlarda iştirak edən məzunların 78 faizi və ya 412 nəfər tələbə adını qazanıb. Qəbul imtahanlarında məzunlardan 50 nəfəri 500-dən yuxarı, o cümlədən 26 məzun 600 baldan yuxarı nəticə göstərib. İmtahanlarda Aşağı Tala kənd 1 nömrəli tam orta məktəbin şagirdi Səmra Hüseynova rayon üzrə hamıdan çox – 695 bal toplayıb.
Rayon rəhbərliyi və qabaqcıl təhsil işçiləri əvvəlcə ulu öndər Heydər Əliyevin Mərkəzin qarşısında ucaldılan abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Sonra tədbir iştirakçılar məktəblilərin əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Rayon Təhsil Şöbəsinin müdiri Habil Qurbanovun hesabat məruzəsində 2017-2018-ci dərs ilinin yekunları geniş təhlil olunub, yeni dərs ilində qarşıda duran vəzifələrdən bəhs edilib.
Bildirilib ki, bu gün dövlət qayğısı ilə əhatə olunmuş Azərbaycan təhsilinin uğurlarının gündən-günə artmasının, inkişaf etməsinin və dünya təhsilinə qovuşmasının təməlində Ulu Öndərin müəyyən etdiyi siyasi kurs və bu kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi durur.
Diqqətə çatdırılıb ki, ötən dərs ilində rayonda 66 ümumtəhsil məktəbi, həmçinin 43 məktəbəqədər və 2 məktəbdənkənar tərbiyə müəssisəsi fəaliyyət göstərib. Ümumtəhsil məktəblərindən 54-ü birtipli layihə əsasında tikilən, 12-i isə uyğunlaşdırılmış binalarda yerləşir. 2017-2018-ci dərs ilində rayonun ümumtəhsil məktəblərində təhsil alan 16 min 372 nəfər şagirdin təlim-tərbiyəsi ilə 2 min 377 müəllim məşğul olub.
Ötən tədris ilində rayonun məktəbliləri Təhsil Nazirliyi və digər qurumlar tərəfindən keçirilən fənn olimpiadalarında, müsabiqə və yarışlarda fəal iştirak edib, uğurlar qazanıblar. Respublika müsabiqələrinin final mərhələsində iştirak edən 45 şagirddən 36-sı qalib adını qazanıb. Mamrux kənd tam orta məktəbin 9-cu sinif şagirdi Musa Musayev respublika fənn olimpiadasının qalibi olub.
Təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərə toxunan Habil Qurbanov rayonun Uzunqazamalar, Höytala və Car kəndlərində hər biri 80 şagird yerlik modul tipli məktəblərin quraşdırıldığını, eyni zamanda, 10 məktəbdə cari təmir işlərinin aparıldığını diqqətə çatdırıb.
Bildirilib ki, dövlətimiz tərəfindən müəllim əməyinə həmişə yüksək qiymət verilib. 2017-2018-ci dərs ilində Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Zaqatala humanitar fənlər gimnaziyasının ingilis dili müəllimi Yetər Muradova “Əməkdar müəllim” fəxri adına layiq görülüb, akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü liseyin direktoru Kəmalə Əhmədova isə “Tərəqqi” medalı ilə təltif olunub. Ümumiyyətlə, son illər rayonun müəllimlərindən 8 nəfəri “Əməkdar müəllim” fəxri adına, 10 nəfər “Tərəqqi” medalına, 16 nəfər isə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülüb.
Konfransda rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə və Təhsil Nazirliyinin məsul nümayəndəsi Rövşən Ağayev çıxış edərək, rayonun təhsil işçilərinə yeni dərs ilində daha böyük uğurlar arzulayıb, tövsiyələrini bildiriblər.
Sonda bir qrup qabaqcıl təhsil işçisinə və qəbul imtahanlarında yüksək bal toplayan məzunlara mükafatlar təqdim edilib.