Zaqatala ağsaqqalları rayonun ictimai həyatında fəal iştirak edirlər
Fevralın 7-də Respublika Ağsaqqallar Şurası Zaqatala rayon təşkilatının konfransı keçirilmişdir. Rayon rəhbərliyinin, fəal ağsaqqalların, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə təşkilatın sədri İsa Əhmədovun qurumun ötən konfransdan keçən dövr ərzindəki fəaliyyətinə dair hesabatı dinlənilmişdir.
Bildirilmişdir ki, ağsaqqal sözünə, ağsaqqal məsləhətinə insanlar həmişə böyük ehtiyac duymuşlar. Dara düşəndə, ev tikəndə, ailə quranda, mübahisəli məsələlərin həllində ağsaqqal sözü həmişə keçərli olmuşdur. Söhbət, əlbəttə ki, saqqalı ağaranlardan deyil, hamı tərəfindən qəbul olunan, sözü ilə əməli bir olan, gələcəyi görməyi bacaran insanlardan gedir. Ağsaqqal sözünə sözsüz əməl etmək genlərimizdə bu gün də yaşayan adət-ənənələrdən sayılır.
Qeyd olunmuşdur ki, Respublika Ağsaqqallar Şurası rayon təşkilatında rayonun ictimai-siyasi həyatında fəal iştirak edən, öz davranışı ilə başqalarına nümunə olan insanlar cəmləşmişlər. Rayon ağsaqqalları vaxtaşırı olaraq kəndlərdə, təşkilatlarda əhali ilə görüşlər keçirir, məktəblərdə, çağırışçı gənclər qarşısında çıxışlar edərək onlarda Vətənə məhəbbət, hərbi vətənpərvərlik ruhunun aşılanmasında yaxından iştirak edirlər.
Konfransda çıxış edənlər təşkilatın üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulamışlar.
Konfransda təşkilati məsələyə baxılmış, İsa Əhmədov yenidən qurumun sədri seçilmişdir. Həmçinin təşkilatın idarə heyətinin yeni tərkibi müəyyənləşdirilmiş, Respublika Ağsaqqallar Şurasının növbədənkənar qurultayına nümayəndə seçilmişdir.